Reklam: High Technic
hightechnic

Dövlətimiz Gənclər Fondu vasitəsilə gənclər üçün yeni imkanlar yaradır - Fərid Cəfərov

Prezident İlham Əliyevin Fərmanı ilə bu günlərdə “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiqləndi. Gənclər Fondunun müşahidə şurasının tərkibində də dəyişikliklər olundu. Təbii ki, Fondun vəzifələrində bir çox yeniliklər burada öz əksini tapıb.

Yenicag.az xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov AZƏRTAC-ın müxbirinə müsahibəsində bu barədə danışıb.

İcraçı direktor bildirib ki, maliyyələşmə istiqamətlərindən biri, ənənəvi Gənclər Fondu tərəfindən həyata keçirilən qrant müsabiqələrinin təşkilidir: “Bir neçə gün əvvəl Gənclər Fondu tərəfindən növbəti 11-ci qrant müsabiqəsi elan olundu. Müsabiqə çərçivəsində həm gənclər təşkilatlarından, həm fiziki şəxslərdən 16-29 yaşlı gənclərin layihələrinin qəbulu və maliyyələşdirilməsi həyata keçiriləcək. Bundan başqa, dövlətimiz Gənclər Fondu vasitəsilə gənclər üçün bir sıra yeni imkanlar da yaradır. Bunlardan biri də xüsusi sosial müdafiəyə ehtiyacı olan və təhsil alan tələbələrimizin təhsil xərclərinin maliyyələşdirilməsi məsələsidir. Burada həmin kateqoriyaya daxil olan gənclərimizin həm illik təhsil haqqının ölkəmizdə maliyyələşməsi, eyni zamanda, yaşayış xərcinin ödənilməsi, o cümlədən yataqxana, kirayə, nəqliyyat və qidalanma xərclərinin Fond tərəfindən ödənilməsi nəzərdə tutulur. Digər istiqamət xaricdə təhsillə bağlıdır. Fondun nizamnaməsində də əks olunub ki, Gənclər Fondu ölkənin ehtiyaclarını nəzərə almaqla, müvafiq ixtisas dərəcələri üzrə gənclərimizin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil haqqını maliyyələşdirəcək. Bununla əlaqədar olaraq, Fond müvafiq dövlət qurumları ilə birlikdə ixtisasların seçilməsi və müəyyənləşdirilməsi, eyni zamanda, xarici ali təhsil müəssisələrinin siyahısının tərtib olunması üzərində işləyir. Çox güman ki, növbəti tədris ilində Fond tərəfindən bu, rəsmi olaraq ictimaiyyətə elan olunacaq”.

Gənclər Fondunun nizamnaməsinin yeni istiqamətlərindən biri də məhz gənclərin innovativ layihələrinin maliyyələşdirilməsidir. Artıq Fondun vəsaitindən istifadə qaydalarında maliyyələşmənin ümumi çərçivəsi, konturlar əks olunub. Bu barədə danışan Fərid Cəfərov qeyd edib ki, burada kredit üç kateqoriyaya bölünür: kiçik, orta və böyük həcmli kreditlər. Müşahidə Şurası tərəfindən növbəti iclasda seçim meyarları, eyni zamanda, maliyyələşmə müddətləri tam dəqiqləşdiriləcək. Bu proses Fondla müvəkkil kredit təşkilatı arasında müqavilələr imzalandıqdan, müvafiq müvəkkil kredit təşkilatının müəyyənləşməsindən sonra ictimaiyyətə elan olunacaq. Eyni zamanda, gənclər online şəkildə seçilmiş müvəkkil kredit təşkilatına – bu, həm bank, həm də bank olmayan kredit təşkilatı ola bilər – müraciət edərək bundan yararlana biləcəklər.

Fərid Cəfərov vurğulayıb ki, dövlət tərəfindən xüsusi güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. “Kreditlərin verilməsi müvəkkil kredit təşkilatının seçilməsi prosesinin yekunlaşmasından sonra başlayacaq. Ümid edirik ki, bu il ərzində fond tərəfindən banklarla və bank olmayan kredit təşkilatları ilə danışıqlarımız başa çatacaq. Növbəti ilin ilk aylarından biz artıq müraciətləri qəbul edib reallaşdıra biləcəyik”, – deyə həmsöhbətimiz bildirib.

“Maliyyələşmə istiqaməti xüsusi sosial müdafiəyə ehtiyacı olan gənclərə şamil olunur”, – deyən icraçı direktor qeyd edib ki, bu kateqoriyalar Azərbaycan Respublikasının “Peşə Təhsili Haqqında” Qanununun 20-ci maddəsinin 20.8-ci bəndində sadalanıb. Müşahidə Şurasının növbəti iclası çərçivəsində biz bu kateqoriyanın bir qədər də genişləndirməsini nəzərdə tutmuşuq. Orada şəhid ailələrinin övladları, birinci qrup əlillərin övladları, valideynlərin himayəsindən məhrum olunmuş şəxslər, eyni zamanda, digər kateqoriyalardan olan gənclər əks olunub. Müşahidə Şurası bu kateqoriyanı bir qədər də genişləndirə bilər. Bununla bağlı müəyyən təkliflərimiz var. Təhsil maliyyələşməsi kredit şəklində olmayacaq, dövlət tərəfindən Gənclər Fondunun vasitəsilə ehtiyacı olan tələbələrimizə, gənclərimizə əvəzsiz veriləcək.

Güzəştli kreditlər sırf gənclərimizin innovativ layihələrinə şamil olunacaq. Fərid Cəfərov bildirib ki, Fondun vəsaitinin digər maliyyələşmə istiqaməti gənclər təşkilatlarına və gənclər evinə Fond tərəfindən maddi dəstəyinin verilməsindən ibarətdir. Müsabiqədən kənar maliyyələşmə mexanizmi üzərində də iş gedir. Xaricdə beynəlxalq təşkilatlarda staj keçilməsinin maliyyələşməsi də Gənclər Fondu tərəfindən həyata keçiriləcək. Gənclərin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi də Fond tərəfindən icra olunacaq.

Gənclərin bəzi hallarda iş tapmasında ən böyük əngəllərdən birinin onların iş təcrübəsinin olmaması ilə bağlı olduğunu diqqətə çatdıran icraçı direktor deyib: “Bu baxımdan fondun üzərinə qoyulan daha bir vəzifə bu istiqamətdə gənclərə dəstək olmaqdır. Fondun xüsusi məşğulluq proqramı da məhz bunu nəzərdə tutur ki, işə düzəlməkdə çətinlik tapan gənclərimiz üçün əməkhaqları müəyyən dövrdə qismən Gənclər Fondu tərəfindən maliyyələşdirilsin. Bu, işə götürənlər üçün həm iqtisadi, həm də işçilərini daha çox inkişaf etdirmələri baxımından bir stimul olacaq”.

www.yenicag.az

180