“Dünən bizə təzyiq göstərənlər bu gün zəfərimizi alqışlayırlar” – Azərbaycandan Vaşinqtonda daha bir DİPLOMATİK QƏLƏBƏ

media-hightechnic-468x90

“Döyüş meydanında qələbə qazanmaq nə qədər çətindirsə, diplomatik masada əldə edilən qələbəni qoruyub saxlamaq ondan da çətindir. Əslində, 2021-ci ilin noyabr ayından avqustun 8-nə qədər biz yenə də fərqli bir müharibənin içində idik. Bu dövr ərzində Azərbaycana qarşı hibrid müharibənin bütün komponentləri tətbiq olundu, siyasi, psixoloji və diplomatik təzyiqlər göstərildi, döyüş meydanında qazandığımız uğurların masa arxasında əlimizdən alınmasına cəhdlər edildi”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmetbabaoglu1

Millət vəkili Vaşinqton görüşündən əvvəl Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən aparılan təzyiq mahiyyətli siyasətin Prezident İlham Əliyevin qətiyyətli xarici siyasəti nəticəsində dəf edilməsinin səbəblərini şərh edib.

Onun sözlərinə görə, bu təzyiqlər yalnız ayrı-ayrı dövlətlərdən deyil, həm də müxtəlif beynəlxalq və regional qüvvələrin birgə səyləri ilə həyata keçirilirdi:

“Məsələnin mahiyyəti ondan ibarət idi ki, regionda yaranmış yeni reallığı nə Avropa ölkələri, nə o dövrdəki ABŞ-nin Bayden administrasiyası, nə Fransa, nə də Almaniya qəbul edirdi. Üstəlik, Azərbaycanın yaxın qonşuları da bu reallıqla barışmaq istəmirdi. Bəzi qonşularımız Azərbaycana müharibə ilə hədə-qorxu gəlir, sərhədlərimizdə hərbi təlimlər keçirir, Zəngəzur dəhlizini “qırmızı xətt” elan edirdilər. Digər qonşularımız isə sözdə neytral mövqe nümayiş etdirsələr də, əməldə Azərbaycana qarşı təxribatçı fəaliyyət göstərir, Ermənistanı gücləndirməyə çalışır, radikal qüvvələri hakimiyyətə gətirərək yeni müharibəyə hazırlayırdılar”.

Deputat əmindir ki, belə güclü təzyiqlərin qarşısında durmaq, tarixi zəfərimizi hər kəsə qəbul etdirmək və prosesə məntiqi sonluq gətirmək böyük əzmkarlıq, qətiyyət, cəsarət, yenilməzlik, ən əsası isə güclü siyasi iradə və diplomatik məharət tələb edirdi:

“2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti ABŞ-də bunu bacardı. Məncə, bu, Azərbaycan diplomatiyası tarixində klassik metodların çərçivəsini aşaraq yeni imkanlar açan, diplomatiya tarixində qalacaq davranış qaydaları müəyyən edən bir dönüş nöqtəsi oldu. Bunu etmək üçün təkcə legitim hakimiyyətə xalq iradəsi ilə gəlmək və xalqın dəstəyini hiss etmək kifayət etmir, öz xalqını ürəkdən sevmək də lazımdır. Azərbaycan Prezidenti həm xalqından güc aldı, həm də ona olan sevgisindən ilhamlanaraq bu qədər çətin, ağır siyasi, psixoloji və hərbi təzyiqlərin öhdəsindən gəldi. Bu, dünyada xalq–lider birliyinin möcüzələr yarada biləcəyinin yeni nümunəsinə çevrildi”.

“İndi isə biz 2025-ci il avqustun 8-dən sonra tamamilə yeni bir eraya qədəm qoymuşuq. Azərbaycan Cənubi Qafqazda yeni güc balansı formalaşdırdı, 200 illik əsarətdən qurtuldu və təkcə özünü deyil, regionun bütün xalqlarını azad etdi. Türk dünyası üçün göstərilən bu xidmət, gələcək nəsillərə Zəngəzur dəhlizindən istifadə edərək tarixi, milli maraqlarımızı və ortaq dəyərlərimizi bərpa etmək imkanı yaratdı”, – deyə o, əlavə edib.

Müsahibimizin fikrincə, burada ən diqqətçəkən məqam isə odur ki, dünənə qədər Azərbaycana təzyiq göstərən, müharibə ilə hədələyən qüvvələr bu gün zəfərimizi təbrik edir və alqışlayırlar:

“Qələbə həmişə qibtə doğurur. Tanrıya şükürlər olsun ki, Azərbaycan Prezidenti həm güclü lider, həm də tarixi qələbənin memarı olaraq, bütün əzilən xalqlar, haqları tapdalanan millətlər və ədalət axtaranlar üçün bir ilham mənbəyinə çevrildi. Bu gün müharibədə uduzan xalqlar, ədalət istəyən millətlər Azərbaycanın əldə etdiyi tarixi zəfərdən ruhlanaraq daha ədalətli bir dünya uğrunda mübarizə aparırlar. Ona görə də Azərbaycanın bu hərbi-siyasi və diplomatik qələbəsi dünyaya yeni siyasi dəyərlər, yeni diplomatik ünsiyyət mədəniyyəti və yüksək bacarıq nümunəsi təqdim etdi”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa