Dünya Azərbaycanın “Böyük Qayıdış” modelini ÖYRƏNİR – Nümunə olan təcrübəmizin qlobal ƏHƏMİYYƏTİ

media-hightechnic-468x90

 

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində mühüm addımlar atır.
“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir şəhərsalma nümunələri və ekoloji balansın bərpasına yönəlmiş tədbirlər təkcə ölkə daxilində deyil, o cümlədən beynəlxalq səviyyədə də diqqət çəkir. Azərbaycan öz təcrübəsi ilə sübut edir ki, müharibədən sonrakı dövrdə dağıdılmış yaşayış məntəqələrinin bərpası və insanların normal həyata qayıdışı sistemli və məqsədyönlü siyasət nəticəsində mümkündür.

Bu uğurlu model artıq bir çox dünya ölkələri tərəfindən araşdırılır və təkrarlanmağa çalışılır. Xüsusilə müharibədən əziyyət çəkən bəzi dövlətlər Azərbaycanın “Böyük Qayıdış” siyasətindən yararlanaraq öz ərazilərinin bərpası üçün bu təcrübəni tətbiq etmək niyyətlərini açıqlayıblar. Bu, Azərbaycanın post-münaqişə dövründə yaratdığı yeni yanaşmanın beynəlxalq miqyasda qəbul edildiyini göstərir.

Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Elman Nəsirov ölkəmizin “Böyük Qayıdış” proqramını uğurla davam etdiyini bildirib:

media-img_6592

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VII çağırış parlamentin ilk iclasında Azərbaycanın həllinə nail olduğu strateji məsələlərdən bəhs etməklə yanaşı, eyni zamanda qarşıda dayanan strateji hədəflərə də toxundu. Onların sırasında “Böyük Qayıdış”la bağlı məsələ vardı ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurması ilə bağlı məsələni xüsusi vurğuladı. Həm də bu məsələlər 2030-cu ilə qədər Azərbaycanın sosial və iqtisadi inkişafına dair 5 əsas prioritetlərdən biridir. Bu istiqamətdə də çox ciddi işlər görülüb. Burada siyasi iradə, dövlətin maliyyə imkanları, kadr potensialı, istək var və bütün bu reallıqlar fonunda artıq 2021-ci ildən başlayaraq 2024-cü ilin sonuna qədər Qarabağın yenidənqurma və bərpası üçün 19 milyard manat vəsait xərclənib. 2025-ci ilin dövlət büdcəsindən isə bu məqsəd üçün daha 4 milyard manat vəsait nəzərdə tutulub”.

Millət vəkili diqqətə çatdırıb ki, bu da büdcəmizin təxminən 9.6%-i deməkdir:

“Bu kontekstdə “Böyük Qayıdış” uğurla həyata keçirilir. Artıq 10.000-dən yuxarı soydaşımızın işğaldan azad olunmuş bölgələrimizə qayıdışı təmin edilib. İlin sonuna qədər sayın 30.000-ə çatdırılacağı proqnozlaşdırılır. 2026-cı ilin sonuna qədər isə 140.000-ə yaxın soydaşımızın öz ata-baba yurdlarına qayıdışı əsas hədəflərdən biridir”.

E. Nəsirov düşünür ki, bu gün sözün həqiqi mənasında Şuşa, Xocalı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə, Laçın və digər bütün azad edilmiş ərazilərimiz tikinti meydançasına bənzəyir:

“Bu günlərdə elə Xocalıdan qayıdan şəxs kimi bunu şəxsən söyləyə bilərəm. Eləcə də Ağdamda yaxın zamanda səfərdə olmuş şəxs kimi onu söyləyə bilərəm ki, sözün həqiqi mənasında Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına bənzəyir. Bu strateji hədəfdir və bu istiqamətdə işlər görülməkdədir. Yaxın zamanlarda artıq bu infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Qarabağın və Şərqi Zəngəzurun əvvəlkindən də gözəl görünüşünə biz şahidlik edəcəyik”.

“Süni maneələr də var. Əsas maneələrdən biri Ermənistanın mina terror siyasətidir. İndiyə qədər minalanmış ərazilərə aid verdikləri xəritənin cəmi 25%-i doğru olduğu halda 75%-i yanlışdır. Bu, o deməkdir ki, Ermənistan bizimlə mina müharibəsini hələ də aparmaqdadır. Ancaq Azərbaycan güclü dövlətdir, Azərbaycan xalqı güclüdür və xalqın güclü lideri var. Bütün bu amillər bizim bu strateji vəzifənin də öhdəsindən gəlməyimizə tam şərait yaradır”, – deyə həmsöhbətimiz əlavə edib.

Politoloq Zeynal Əmrəliyev isə hesab edir ki, Azərbaycanın “Böyük Qayıdış” siyasəti dünya ölkələrində istifadə edilir.

media-img_6591

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı əsasında qayıtmış məcburi köçkünlərin daşınması və ərazilərdə aparılan yenidənqurma işləri ilə bağlı öz fikirlərini bildirən analitik qeyd edib ki, dövlətimizin bu siyasəti dünya ölkələri tərəfindən incələnib, təkrarlanır:

“Azərbaycanın “Böyük Qayıdış” siyasəti uğurlu şəkildə icra olunur. Azərbaycan dövləti dəqiqliklə çox böyük uğurlara imza ataraq bu siyasəti icra edir. “Böyük Qayıdış” siyasətini həyata keçirmək həqiqətən də çox çətindir. Dünyada ümumilikdə bunun örnəyi demək olar ki, yox dərəcəsindədir. Azərbaycan həm də bir reallıq, bir nümunə ortaya qoyur. Müharibə yaşayan digər dünya ölkələri də post-müharibə dövründə məhz Azərbaycanın bu uğurlu təcrübəsindən istifadə etmək niyyətlərini açıqlayıblar. Məsələn, Suriyanın yenidən qurulmasında və Suriyadan qaçqın düşmüş insanların geri qaytarılmasında məhz Azərbaycanın bu təcrübəsindən istifadə edilə bilər. Bununla bağlı fikirlər səsləndiriblər. Eyni zamanda, bu Ukraynaya da aiddir. Ukraynada azərbaycanlıların həm şəhərsalma təcrübəsindən, həm də insanların köçürülməsi praktikasından geniş şəkildə istifadə edə bilərlər”.

Z. Əmrəliyev əmindir ki, Azərbaycan dövləti başda cənab Prezident olmaqla uğurlu şəkildə bu prosesi həyata keçirir:

“Dövlət başçısı şəxsən hər kəndin, hər yaşayış massivinin açılışında iştirak edir, əraziyə gedərək insanların köçürülməsi prosesinə nəzarət edir. Bu köçürülmə prosesi çox çətin bir prosesdir. Çünki həmin bölgələrin flora və faunası 30 il ərzində Ermənistan tərəfindən demək olar ki, məhv edilib. Çayların mənbə və mənsəbi dəyişdirilib, təbiəti eroziyaya uğrayıb. Bunlar da bölgələrin yenidən formalaşması üçün böyük çətinliklər yaradır. Həmin bölgələrdə həyatı yenidən canlandırmaq üçün təkcə yaşayış massivlərinin salınması, bina tikməklə iş bitmir, eləcə də burada təbiətin canlandırılması istiqamətində də addımlar atılmalıdır”.

O, diqqətə çatdırıb ki, Zəngilan meşələri dünyanın ən güclü meşə örtüyünə malik sahəsidir:

“Meşənin yenidən salınması istiqamətində Azərbaycan dövləti ardıcıl addımlar atmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müasir texnologiya əsasında yaşayış massivləri tikilir. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri Azərbaycan tərəfindən uğurla icra edilir. Qayıdış siyasəti kifayət qədər uğurludur, dünya tarixində Azərbaycanın adını, izini qoyacaq bir şəkildə həyata keçirilir və düşünürəm ki, Azərbaycan dövlətinin ən uğurlu siyasətindən biridir bu. Çox şükürlər olsun ki, Azərbaycan xalqı məhz belə bir tarixi yaşayır və bir zamanlar haqsızlıqla öz torpağından qovulmuş insanlar böyük sevinc və fərəh hissi ilə həmin bölgələrə qayıdaraq həyatın canlandırılması istiqamətində addımlar atırlar”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.

Məsimə Məmmədova

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600