Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturniri başa çatıb.
Yenicag.az xəbər verir ki, bu gün sonuncu – 9-cu turun görüşləri keçirilib.
Son turun görüşlərindən sonra norveçli şahmatçı Maqnus Karlsen V Vüqar Həşimov Memorialının qalibi olub. Dünya çempionu Şəmkirdə təşkil olunan yarışın həlledici turunda çinli Dinq Lirenlə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb. Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen həmkarları üçün əlçatmaz olub. Bununla da dünya çempionu üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi adını qazanıb.
Qeyd edək ki, dünya çempionu 2014 və 2015-ci illərdə də Shamkir Chess superturnirində çempionluq sevinci yaşayıb.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov Teymur Rəcəbov 4-cü olublar. Rauf Məmmədov isə yalnız David Navaranı qabaqlaya bilib.
Turnir cədvəlindəki son durumu təqdim edirik: Maqnus Karlsen – 6; Dinq Liren – 5,5; Sergey Karyakin – 5; Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Aniş Giri, Teymur Rəcəbov – 4,5; Veselin Topalov, Rauf Məmmədov – 4; David Navara – 2,5.