!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya və Avropa çempionlarımızı Azərbaycandan "didərgin" salan səbəblər... - ARAŞDIRMA

!Reklam – Yazi

Ötən yazılarımızın birində ölkə xaricində ad qazanan idmançılar barəsində məlumat vermişdik. Bildiyimiz kimi idmançılarımızın bir çoxu xarici ölkələrdə çıxış edir, qələbələrə imza atırlar. Ölkəmizdə isə “milliləşmə”lər gedir. Bu fakt hər bir idman növünə aid olmasa da, bir çoxuna aiddir…

Yeniçağ.az Azərbaycandan getmək məcburiyyətində qalan idmançılar barəsində mövzunu davam etdirir.
Araşdırmalarımızdan belə məlum oldu ki, idmançılarımızın xaricə üz tutmasının başlıca səbəbi maddi və məişət problemləri ilə yanaşı üzləşdikləri laqeydlikdir.

Azərbaycanın tanınmış boksçularından olan Emil və Rüfət İsrafilbəyov qardaşları da məhz yuxarıda sadaladığımız səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalıblar. Onlar 1990-cı illərdə Amerikaya köçüblər. Yeniçağ.az-a verilən məlumata görə, “Baku” ləqəbi ilə tanınan qardaşlar boksda daha çox uğur qazanmaq və bununla da öz güzəranlarını yaxşılaşdırmaq üçün okeanın o tayına üz tutublar. Təəssüf ki, qardaşlardan biri – Emil Bakuni ötən ilin yanvarında beyin xərçəngindən dünyasını dəyişib. O , həmin Emin Bakuni idi ki, Azərbaycanda peşəkar boksa yiyələnmiş bir çox gəncin kumiri olmuşdu. Xatırladaq ki, onları hər beynəlxalq qələbədən sonra Ulu öndər, ümummilli lider Heydər Əliyev qəbul etmişdi.

Kikboksun müxtəlif versiyalarında 4 dəfə Dünya çempionu olmuş Hafiz Baxşəliyev də xaricə üz tutanlar arasındadır. Hazırda Londonda yaşayan idmançı Yeniçağ.az-a danışarkən gedişinin səbəbini belə izah edib:
“Sözün düzü, mən İngiltərəyə gəzməyə gəlmişdim. Sonra düşündüm ki, burada karyeramı davam etdirə bilərəm. Bir çox mütəxəssislərlə tanış olduqdan sonra isə ingilis klublarından biri ilə işləməyə qərar verdim. Həm idmançı, həm də məşqçi kimi fəaliyyətə başladım. 2009-cu ildən 2011-ci ilə qədər döyüşdüm. Amma Britaniya adından yox, klub adından peşəkar səviyyədə çıxışlar edirdim.

Bilirsiz, Azərbaycanda qeyri-olimpiya növü ilə məşğul olan idmançıların iş yeri tapması çox çətindir. İdmançıların çoxu mühafizə xidmətlərində çalışır. Londondakı həyatımdan razıyam. Yəqin ki, hələ bir neçə il burdayam”.

Tanınmış kikboksçu Bəxtiyar İsgəndərzadə də karyerasını davam etdirmək üçün Almaniyanın Berlin şəhərinə üz tutub. O, uzun müddətdir ki, həmin ölkədəki klubların birində çalışır. Uğurlu idmançı həmin ölkəyə getmə səbəbləri ilə bağlı saytımıza bunları danışdı:

“Azərbaycanda işsiz idim. Berlində isə həm firmada çalışıram, həm də yarışlara qatılıram”.

Peşəkar boksçu Fərid Ağayev isə 2013-cü ildə – 25 yaşında Amerikaya – Mayk Taysonun ən nüfuzlu ve WBI versiyası hesab olunan klubuna dəvət alıb. Fərid Akademiyaya qəbul olunmaq üçün keçirtdiyi bütün sınaq döyüşlərində rəqibinə nokautla qalib gələrək, WBI versiyasına döyüş lisenziyası alıb. Məhz həmin lisenziyadan sonra Mayk Taysonun sevimli tələbəsi və davamçısı kimi tanınıb. Yarışlara Amerikadan qatılan F. Ağayev gedişinin səbəbini belə izah edir:

“ABŞ-a üz tutmağımın səbəbi peşəkar boksdur. Bu idman növü ancaq burada inkişaf edib. Avropada peşəkar boks o qədər də güclü deyil. Hazırda ABŞ-da klubların idmançısı kimi döyüşsəm də hər yarışda Azərbaycan bayrağını qaldırıram. Və inanın ki, bu, mənə o qədər güc verir ki… Amma Azərbaycandan bu məsələdə heç bir dəstək yoxdur. Olsaydı döyüşlərimin sayını daha da artırardım. İnşallah, bu il olmasa da gələn il “Dünya kəməri” uğrunda vuruşmaq qismətim olar”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

922
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv