DÜNYA YENİDƏN PARÇALANIR – Üç dövlət dünyanı qanla bölür: Sırada hansı ölkələr var?
“Bu üç dövlət dünyanı hansısa formada bölüşdürməyə çalışır. Onlar arasında faktiki olaraq təsdiqlənəcək güc bölgüsü yeni beynəlxalq münasibətlərin adını və bu münasibətlərin yeni “hüququnu” müəyyən edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

O, ABŞ-nin Venezuelaya qarşı atdığı addımlar fonunda beynəlxalq hüququn işləmə prinsiplərindən danışıb. Politoloq bildirib ki, beynəlxalq hüquq, əslində, beynəlxalq siyasi münasibətlərin bir növ təsvir vasitəsidir:
“Yəni bu, münasibətlərin özünü deyil, onların ifadə olunma formasını əks etdirir. Halbuki həmin münasibətlərin əsl mahiyyəti yırtıcı və dağıdıcıdır. Dünya tarixi müharibələr üzərində yazılıb. Məhz həmin müharibələrin nəticəsi olaraq münasibətləri tənzimləyən norma və hüquqlar formalaşıb, dünyadakı münasibətlər də bu prinsiplər əsasında tənzimlənib.
Amma gəlib çatdığımız mərhələdə qlobal nizam çökmüş vəziyyətdədir. Sonuncu dəfə 1945-ci ildə Almaniyanın məğlubiyyəti ilə beynəlxalq münasibətlər müəyyən sistemə, bir relsə salınmışdı. İndi isə həmin sistem sıradan çıxıb. Bugünkü mərhələdə söhbət artıq bəzədilmiş təsvirlərdən yox, çılpaq reallıqlardan gedir. Bu reallıqlarda hüquqa, estetikaya və artistizmə ehtiyac qalmayıb.
Reallıqlar ABŞ-nin davranışlarında, daha öncə Rusiyanın Krımı işğal etməsində və ardınca Ukraynaya qarşı müharibəyə başlamasında aydın görünür. Əgər dünyanın üçüncü böyük gücü olan Çinin də Tayvan məsələsində təxminən eyni yolu tutacağını ehtimal etsək, o zaman əsl mahiyyət üzə çıxır.
Bu üç dövlət dünyanı hansısa formada bölüşdürməyə çalışır. Onlar arasında faktiki olaraq təsdiqlənəcək güc bölgüsü yeni beynəlxalq münasibətlərin adını və bu münasibətlərin yeni ‘hüququnu’ müəyyən edəcək. Mövcud beynəlxalq hüquq artıq işə yaramır, münasibətləri tənzimləyə bilmir. Şübhəsiz ki, yeni hüquqa ehtiyac yaranacaq. Bu hüquq isə münasibətlərin müharibə və ya digər qarşıdurma formaları əsasında müəyyənləşməsindən sonra formalaşacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












