!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı gözləyən böyük təhlükə və Ermənistanı sülhə məcburetmə haqqında - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Sanki dünya müharibəsinin astanasındaymış kimi ölkələr ciddi silahlanmaya gedir.

ABŞ tarixində ən böyük hərbi büdcə bu ilə təsadüf edir. Ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı bir neçə ildir ən çox silah olan ölkə ünvanını qoruyub saxlayır. Qərb ölkələri boşalmış sursat anbarlarını doldurmağın yollarını axtarır. Digər yandan, Ukrayna Rusiyaya müqavimət göstərmək üçün onlardan silah tələb edir. Rusiya milli gəlirinin 30 faizini hərbi xərcələrə yönəldib. Bundan əlavə, Rusiya şəxsi heyətin sayını 1.5 milyona qaldırmağı hədəfləyir. Şimal qonşumuz sürətli şəkildə tanklarını modifikasiya edir, istehsalı da pik həddə çatdırıb.

Hegemon dövlətlərdən danışmışkən bölgəmizi də unutmaq olmaz. Azərbaycan müharibədə qalib gələn tərəfdir. Ancaq rəsmi Bakı da hərbi xərclərini azaltmaq yerinə, artırır. Ermənistan tərəfi də hərbi xərclərini artırıb, silahlanmada Hindistanla əməkdaşlıq edir. İran da hərbi xərclərini həm artırıb, həm də yeni silahların istehsalına davam edir.

Rusiyanı anlamaq mümkündür. Çünki havalar soyuduqca və bataqlıqların donmasından istifadə edərək hücumlarını artırmaq niyyətindədir. Ümumiyyətlə, Ukrayna Rusiya müharibəsi ilə əlaqədar verilən proqnozların, demək olar ki, heç biri tutmadı. Çünki müharibə başlayanda ekspertlər iddia edirdilər ki, qısa zamanda Rusiya hərbi və iqtisadi baxımdan çökəcək. Artıq 1 ilə yaxındır müharibə başlayıb, ancaq Rusiya nəinki geri çəkilməyi düşünür, əksinə, təzyiqlərini artırır. Düzdür, hisslərlə davranan çoxları qəbul edib, həzm etmir, ancaq reallıq ondan ibarətdir ki, Rusiya Ukraynada həm də Qərblə savaşır.

Ukrayna-Rusiya savaşının uzanması və heç bir tərəfin sülhdən danışmaması onu deməyə əsas verir ki, məsələ dondurulmuş, gələcəyə saxlanılmış münaqişə ocağı kimi qalmayacaq.

Təkcə hücum edən və müdafiə olunan tərəflər yox, dünyada bir çox ölkələr müharibənin nəticəsini gözləyir. Nəticəyə uyğun olaraq da davranacaqlar. Həmin ölkələrdən biri Ermənistandır. Rusiya məğlub olacağı təqdirdə, ilk təsir dairəsindən çıxacaq ölkə Ermənistan olacaq. Bu, Osmanlının çöküşündə də baş verib.

Beynəlxalq hüquq, demək olar ki, iflic olub. BMT-nin bəyanatları heç bir ölkə tərəfindən ciddiyə alınmır. Əgər proseslər bu şəkildə davam edəcəksə, dünya yenidən bölüşdürülməyə gedəcək. Artıq köhnə bölgü, köhnə sistem, köhnə ərazilər böyük gücləri qane etmir. Belə olan halda, müharibələr qaçınılmazdır.

Hesab edirəm ki, dövlətlər şüursuzcasına yox, məhz bilərəkdən silahlanmaya gedir. Dünyanın siyasi xəritəsi dəyişəcəksə, bəzi dövlətlər yox olacaq, bəziləri bölünəcək, bəziləri isə böyüyəcək. Ölkələr məhz bunun hazırlığının içərisindədir.

Əgər dünyada müharibə olacaqsa, bundan yaşadığımız region da nəsibini alacaq.

Hazırda Azərbaycanla Ermənistan arasında heç bir danışıq baş vermir. Əvvəl üç masa vardı, Tiflisdə moderatorsuz görüş, hətta iki ölkənin XİN rəhbərləri bir neçə dəfə telefonla da danışmışdı. İndi bunların heç biri qalmayıb. Üstəlik, Qarabağdakı separatçılar müharibə ritorikası ilə danışırlar.

Eynən Rusiya Ukrayna müharibəsinə bənzəmir? Heç kəs sülhdən danışmır. Sülh üçün təşəbbüs belə yoxdur. Bəlkə də Ukrayna-Rusiya müharibəsi olmasaydı, təşəbbüslər olardı. Ancaq məlum müharibə fonunda Qarabağ problemi, bəlkə, 5-ci dərəcəli məsələdir.

Danışıqlar prosesi necə başlaya bilər?

Yaxın keçmişə baxanda görürük ki, danışıqlar prosesi hansısa hərbi əməliyyatlardan sonra intensivləşib. Hesab edirəm ki, danışıqlar prosesinin başlaması üçün, tərəflərin bir araya gətirilməsi üçün kiçik çaplı hərbi əməliyyatın baş verməsi təkan ola bilər. Düzü, bunun üçün zəmin də var. Qarabağdakı məlum rejim vəziyyəti gərginləşdirmək üçün addımlar atır. Gərginliyin artan xətlə gedəcəyi də proqnozlaşdırılır. Azərbaycan tərəfi Qarabağda keçirəcəyi bir əməliyyatla həm separatçıları cəzalandıra bilər, həm də Ermənistanı yenidən masaya gətirə bilər. Bunun olacağı gözlənilməyən bir şey deyil.

Hər halda, məsələnin danışıqlar yolu ilə həll olunması daha arzuolunandır. Çünki rəsmi Bakı problemin böyük hissəsini hərbi güclə həll edib. Kiçik bir hissəni həll etmək isə diplomatların boynunun borcudur.

Görünən odur ki, nə erməni tərəfinin, nə də Azərbaycan tərəfinin doplomatları problemi çözmək gücündən uzaqdılar. Belə olan halda, yenə güc düşür əsgərlərin çiyninə…

Səxavət Məmməd

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv