Türkiyənin Bitlis bölgəsinin Mutki rayonundakı Bağarası kəndi dünyanın ən uzunömürlü insanlarının yaşadığı kənd kimi tanınır.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 157 yaşında vəfat edən Zaro ağa bu kənddə doğulub boya-başa çatıb və dünyanın ən yaşlı adamı hesab olunur. Kənd sakinlərinin şəkər, təzyiq, ürək xəstəliyi kimi xroniki xəstəlikləri yoxdur. Bildirilir ki, 157 il sağ qalan Zaro ağanın uzun ömür sürməsinin sirri yalnız Bitlis bölgəsinə xas olan sarımsaq, qatıq və gezo bəhməzi yeməsi olub.
Bir çox insan uzun və sağlam ömür sürməyə çalışır. Lakin Bitlisin Mutki rayonunun Bağarası kəndində yaşayanların belə bir narahatlığı yoxdur, çünki bura dünyanın ən uzunömürlü kəndi kimi seçilir.
Məlumata görə, 157 yaşında vəfat edən Zaro ağa 10 Osmanlı sultanı, 5 baş nazir və 1 prezident görüb. Türkiyə və xarici mənbələrə görə, Zaro ağa dünyada tanınan ən yaşlı insandır.
Sağlığında ikən bir çox Avropa ölkələrinə dəvət olunan Zaro ağadan uzun ömür sürməyin sirrini soruşublar. Yaponiya və Amerika alimləri Bağarası kəndində araşdırmalar aparıblar.
Zaro Ağanın həmyerliləri də uzun ömürlüdür, sanki onunla yarışırlar. Bağarası kəndində yaşayan insanlar orta hesabla daha uzun ömür sürürlər. Üstəlik, kənd sakinlərinin şəkər, təzyiq, ürək xəstəliyi kimi xroniki xəstəlikləri yoxdur, gənclər kimi sağlamdırlar.
İsmayıl Bakuvi
www.yenicag.az