“Azərbaycanın Qarabağı legitimləşdirmək prosesinə əngəl olan səbəblərdən biri də erməni lobbisidir”.
Bunu Azərbaycana qarşı təhdidləri Yenicag.az-a dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədlinin sözlərinə görə, Azərbaycana Rusiya və İrandan təhdidlər var.
“Azərbaycan inkişaf mərhələsinə qədəm qoyan bir dövlətdir. Azərbaycan bir problemini həll edib, dünyada yerini müəyyən etmək üçün çalışan, keçid mərhələsinə yaşayan bir dövlətdir. Azərbaycan həm coğrafi, həm də etnik kimlik baxımından böyük gücləri cəlb edir. Orta Asiya ilə Türkiyəni Azərbaycan birləşdirir. Bu, bir körpü deməkdir və Azərbaycansız bu birləşmə mümkün deyil. Dünyaya yeni birlik gəlir və onun açarı Bakıdadır. Azərbaycanın üzərinə oynanılan oyunların kökündə bu birlik durur”, – deyə o bildirib.
O vurğulayıb ki, Azərbaycan Qarabağ problemini fiziki baxımdan həll edib, onu legitimləşdirmək tərəfi qalıb.
“Bunun üçün ABŞ və Avropa İttifaqı ilə münasibətlər önəmlidir.
Sistemləşmiş erməni lobbisi var. Bu güc müəyyən mənada Avropa Şurası, onun institutları, ABŞ siyasətinə təsir edə bilir. Azərbaycanın Qarabağı legitimləşdirmək prosesinə əngəl olan səbəblərdən biri də erməni lobbisidir. Xarici siyasəti dəstəkləyirik, ancaq xarici siyasətin vektorlarının düz qurulmamasına görə üzərimizə basqılar gəlir. Azərbaycan sivil dünyanın oyun qaydalarını pozan Rusiyanın yanında olan dövlət kimi tanınır. Hesab edirəm ki, bu uzun müddət çəkməyəcək. Azərbaycan demokratik bir ölkə olacaq. Hətta Türkdilli dövlətlər təşkilatını qursaq da, Azərbaycan demokratik dövlət olmalıdır. Azərbaycanın Rusiyanın yanında olması Qərbin üstümüzə gəlməsinə əsas verir”, – deyə o qeyd edib.
Səxavət Məmməd
www.yenicag.az