“VKontakte” sosial şəbəkəsi “Telegram” messencerinin sahibi Pavel Durovun həbs işində yeni məqamlar üzə çıxıb.
Yenicag.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, nəşrin son məqaləsində yazdığı kimi, 2017-ci ildə Fransa xüsusi xidmət orqanları BƏƏ ilə birgə əməliyyat keçirərək “Telegram”ın yaradıcısı Pavel Durovun “iPhone”unu sındırıblar.
Nəşrin həmsöhbətləri bildiriblər ki, bu casusluq əməliyyatı “Purple Music” kod adı ilə həyata keçirilib. Bundan bir il sonra Fransa prezidenti Emmanuel Makron Durovla birgə nahar edib, bu zaman Fransa lideri “Telegram”ın baş ofisini Parisə köçürməyə təklif etsə də, lakin Durov bundan imtina edib.
Nəşr Makronun “Telegram”a marağını isə belə izah edib:
“Fransa hakimiyyəti uzun müddətdir ki, messencerdən şübhələnir, çünki kəşfiyyat xidmətlərinin məlumatına görə, İŞİD ondan silahlıları cəlb etmək və terror aktları həyata keçirmək üçün istifadə edir.
Yəqin ki, Durovu sakitləşdirmək üçün Fransa və BƏƏ hakimiyyətləri hətta 2021-ci ildə ona vətəndaşlıq da verdilər (bu, hər iki ölkədə çox mürəkkəb prosedurdur və hər kəs üçün əlçatan deyil) və sonradan Körfəz ölkələri Durovun platformasına 75 milyon dollardan çox sərmayə qoydular”.
Xatırladaq ki, Fransanın siyasətlə bağlı həftəlik satirik qəzeti olan “Le Canard Chainé” Yelisey sarayındakı mənbələrə istinadən yaydığı məlumata görə, Durov polisə izahatında deyib ki, həbs olunduğu gün Makronla nahar etməli idi. Sözügedən məsələnin dünya mediasında rezonansa səbəb olmasına baxmayaraq, rəsmi Paris bu məlumatı təkzib edib.
Rafi Müslümov
www.yenicag.az