Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Düşmənlərimizə Azərbaycan-Rusiya əlaqələrinin soyuqluğu sərf edir” – Hərbi ekspert

“Düşmən verdiyi məlumatlarla Rusiya ilə Azərbaycanın arasında müəyyən gərginlik yaratmaq istəyir”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Ekspertin fikrincə, “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının gəmilərinin Bakıya gəlməsi Azərbaycanın davam etdirdiyi hərbi əməkdaşlıq üzrə nəzərdə tutulmuş tədbirlərdən biridir:

“Rusiyanın və digər Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə artıq ənənəvi olan yarışlarda həmin gəmilər iştirak edirlər. Hazırda yarışlar Azərbaycanın dəniz ərazisində keçirilir. Azərbaycan Hərbi Dəniz Qüvvələri qonaq gəmiləri qəbul edəndən sonra müəyyən məsləhətlər aparılır, yarışlarda iştirak etməsi üçün Bakıya gələn gəmilər əvvəlcədən razılaşdırılır. Yarışa aid olan mərhələlər müzakirə olunur. Xüsusi vurğulamaq lazımdır ki, Rusiya bizim strateji tərəf müqabilimizdir, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında olan silah-sursatların müəyyən bir hissəsinin istehsalçısı Rusiyadır. Bu gün Rusiyada Hərbi Akademiyada, hərbi məktəblərdə Azərbaycanın hərbi kadrlarının təcrübə keçməsi, zabit heyətinin hazırlanması prosesi gedir. Yəni Rusiya bizə dost ölkədir və əməkdaşlığımız sıxdır. Unutmaq olmaz ki, Rusiyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi dostluq əlaqələri var. Qonşu dövlət kimi Azərbaycana ən uzun sərhəd ərazisi məhz Rusiyadan keçir. Ona görə Azərbaycanın Rusiya ilə olan əməkdaşlığı perspektivlidir. Azərbaycan bu əməkdaşlığın marağındadır. Düşünürəm ki, əlaqələr bu formada da davam edəcək. Bu, təkcə Azərbaycanla olan tərəfdaşlıq münasibətlərindən irəli gəlmir. Bütün dünyada qəbul olunmuş ölkələrarası münasibətlər var. Məsələn, NATO-ya üzv olan dövlətlərin gəmilərinin Rusiyaya gəlməsini və s. görürük. Bir məsələni də vurğulayaq ki, bu dəniz yarışları Rusiyada keçirilən hərbi yarışların bir hissəsidir, davamıdır”.

“Dağlıq Qarabağ məsələsini həlledici fazaya gətirmişik”

Ş. Ramaldanovun fikrincə, yarışlarda iştirak etməsi üçün Bakıya gətirilmiş rus gəmiləri məsələsini sosial şəbəkə istifadəçiləri və müəyyən media nümayəndələri müxtəlif istiqamətlərə çəkmək istəyirlər:

“Rus gəmilərinin Azərbaycana gəlməsi bu gün informasiya müharibəsinin tərkib hissəsinə çevrilib. Mövzunu Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirməyə və Rusiyanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qınamağa başlayıblar. Lakin atalar sözündə deyildiyi kimi, “malı mala qatmaq” lazım deyil. Rusiya ilə Azərbaycanın sıx dostluq əlaqələri var və bu əlaqələr geniş müstəvidə də davam edəcək. Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Rusiya ilə hərbi-texniki, ümumiyyətlə, bütün sahələrdə əməkdaşlığa aid fikirləri var. Tovuz hadisələrindən sonra düşmən tərəf informasiya müharibəsi aparmaq üçün belə məlumatlar yayır. Bizim də bəzi sosial şəbəkə istifadəçiləri və müəyyən media nümayəndələri buna dəstək verirlər. Düşmən verdiyi məlumatlarla Rusiya ilə Azərbaycanın arasında müəyyən gərginlik yaratmaq istəyir. Tovuz hadisələrində və şəhid general-mayor Polad Həşimovun həlak olmasında Rusiya əlinin olduğunu yazaraq, iki ölkə arasındakı əlaqələrə xələl gətirmək istəyirlər. Bunların hamısı cəfəngiyatdır. Bununla bağlı çox sayda açıqlamalar da verilib. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın özünəməxsus rolu var. Bu gün Türkiyənin Azərbaycanla olan sıx əlaqələrini və birgə genişmiqyaslı hərbi təlimlər keçirməsini Rusiya tərəfi təmkinlə qarşılayır. Bunu anlamaq lazımdır. Rusiya Dağlıq Qarabağ münaqişəsində yalnız Azərbaycanın mövqeyini müdafiə edə bilməz, çünki bu halda Ermənistanı itirə bilər. Ermənistanda isə Rusiyanın hərbi bazası var. Belə olan halda, Rusiya niyyət olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə maraqlıdır. Çünki bu münaqişə uzandıqca, başqa dövlətlərin – ABŞ-ın və s. müəyyən şəkildə marağına səbəb olur. Buna görə Rusiya da Dağlıq Qarabağ məsələsinin həllində maraqlı tərəfdir. O, Cənubi Qafqazda stabilliyin yaranmasına çalışır, çünki bu münaqişə Rusiya üçün də yükdür. Türkiyənin burada olması və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini də Rusiya təmkinlə qarşılayır.

Düşmənlərimizə Azərbaycan-Rusiya əlaqələrinin soyuqluğu sərf edir. “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” yarışlarından istifadə edərək, yenə də öz dezinformasiyalarından əl çəkmirlər. Ataların dediyi kimi, “milçək bir şey olmasa da, ürək bulandırır”. Azərbaycanın Rusiya ilə olan tarixi və bugünkü hərtərəfli əlaqələrinin inkişaf etməsi müzakirələrə səbəb olsa da, ölkələrarası əməkdaşlığa xələl gətirə bilməz. Mən belə xəbər yayan media nümayəndələrinə diqqətli olmaları üçün çağırış edirəm. Bəlkə də bu gün Dağlıq Qarabağ məsələsini həlledici fazaya gətirmişik. Buna görə təbii ki, düşmənlər informasiya müharibəsini daha geniş formada apararaq müxtəlif yalan və çaşdırıcı məlumatlar yayacaqlar. Onlara uymayın. Vəziyyəti düzgün təhlil edib qiymətləndirmək lazımdır. Rusiya ilə bağlı bütün xoşagəlməz məlumatların media ilə sosial şəbəkələrdə verilməsi ilk növbədə, düşmənin xeyrinədir. Onlar da bunu istəyirlər. Belə əsassız, təsdiqi olmayan məlumatlara uymaq lazım deyil. Həmişə deyirəm, informasiya sahəsində gedən müharibə artıq cəmiyyətin müharibəsidir. Yəni  bütün sosial şəbəkə istifadəçiləri bu məsələlərdə ayıq-sayıq olmalıdır ki, hərbi sahədə olduğu kimi, informasiya sahəsində də düşməni üstələyə bilək. Hərbi sahədə olan uğurlar ən modern təchizatla bağlı olsa da, hərbçilər öz peşəkarlığı ilə üstünlüyümüzü təmin edə bilirlər. Təsəvvür edin ki, Azərbaycan dünya ölkələrinin orduları sırasında 50-ci yerdədir. Bu o deməkdir ki, cənab Prezidentin göstərişinə əsasən, ordu rəhbərliyi bütün imkanlardan istifadə edərək ordunu ən müasir formada təchiz edir. İnformasiya müharibəsində isə gərək cəmiyyət buna cavab versin”.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarını qəbul edib, texniki qulluq göstərib və baxış keçiriblər.

Tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar.

Azərbaycan tankçıları avqustun 23-də Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar.

Müsabiqə sentyabrın 5-dək davam edəcək.

www.yenicag.az

234