Rusiyanın əli regionu YENİDƏN QARIŞDIRIR: "Ukrayna müharibəsi arxa plana keçdi"
“Rusiyanın əlində regionu yenidən qarışdıracaq kartlar var”.
Rusiyanın Cənubi Qafqazda aktivləşməsi regionda təhlükələrin artmasına səbəb olur. Hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiyanın bu fəallığı Ermənistanda baş verən proseslərin arxasında dayanır və bölgədə gərginliyi artırır.
Rövşən Məhərrəmovun sözlərinə görə, Rusiya bu region üçün həmişə təhdid yaradır:
“Rusiyanın Cənubi Qafqazda aktivləşməsinin şahidi oluruq. Hesab edirəm ki, Ermənistanda baş verən proseslərin arxasında da Rusiya durur. Rusiya Cənubi Qafqaz üçün hər zaman təhdid yaradır. Ukrayna müharibəsinin ikinci plana düşməsindən sonra Rusiya digər regionlarda da aktiv siyasət həyata keçirməyə başlayıb. Rusiyanın aktivləşməsi isə hər zaman təhlükə yaradır.”
Rövşən Məhərrəmov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Qarabağ probleminin həllinə baxmayaraq, hələ sülh müqaviləsi imzalanmayıb.
“Azərbaycan Qarabağ problemini həll etsə də, ortada sülh müqaviləsi yoxdur. Sülh müqaviləsinin bağlanmaması o anlama gəlir ki, ruslar erməni kartından istifadə edə bilər. Hətta Qarabağdan köçən ermənilərin də Rusiya tərəfindən aktivləşməsi müşahidə olunur. Rusiya Qarabağdan köçən erməniləri yenidən hərəkətə keçirərək Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Görünən odur ki, nə Ermənistan, nə Azərbaycan müharibə etmək niyyətində deyil. Bunu rəsmilərin bəyanatları da təsdiqləyir. Ancaq Rusiyanın əlində regionu yenidən qarışdıracaq kartlar var. Ona görə də, diqqətli olmaqda fayda var.”
Hərbi ekspert əlavə edib ki, hazırda nə Ermənistan, nə də Azərbaycan müharibə istəmir, amma Rusiyanın bölgədəki təzyiqləri ciddi təhlükələr yaradır.
“Sülh müqaviləsinin bağlanmasına açıq şəkildə mane olan tərəf Rusiyadır. Qısa zamanda sülh müqaviləsinin bağlanması lazımdır. Bu olmadıqca və Rusiya Cənubi Qafqaza təzyiqini artırdıqca ciddi problemlərin şahidi ola bilərik”.
Səxavət Məmməd