Əbülfəz Qurbanlı Əli Kərimliyə üsyanın qurbanı olub? – İddia
Şakir Abbasov: “İndiki rəhbərlik AXCP-ni gətirib haram yola salıb”
Dəyanət Babayev: “Əbülfəz Qurbanlı partiya sədrinin yerinə gəlmək istəyirdi”
Son zamanlar Əli Kərimlinin rəhbəri olduğu AXCP-də ardıcıl istefalar baş verir. Son olaraq bu günlərdə Əli Kərimlinin sağ əli olan müavini Əbülfəz Qurbanlı da partiyanı tərk etdiyini bəyan etdi.
Görəsən, AXCP daxilində istefaların belə geniş vüsət almasının səbəbləri nədir?
AXCP sədrinin sabiq müşaviri, hazırda Müsavat Partiyasının Qarabağ komissiyasının sədri olan Şakir Abbasov Yenicag.az-a açıqlamasında AXCP-də geniş vüsət alan istefaların əsasında Əli Kərimlinin siyasətinə etirazın dayandığını bildirdi: “İndiki rəhbərlik AXCP-ni gətirib haram yola salıb. Bu təşkilat böyük bir təşkilat olaraq Azərbaycanın müstəqil olmasında xüsusi rol oynayıb. O təşkilatdan Elçibəy kimi böyük lider çıxıb. Bir qrup adam bu təşkilatı özəlləşdirmişdi, ona yeyinti gözü ilə baxırdı. Halbuki onların müstəqillikdən xəbərləri olmayıb, təşkilatın necə yaranmasından xəbərsiz olublar. Zaman göstərdi ki, AXCP-də indi hegomonluq edənlər ora başqa niyyətlə gəliblər. Hazırda bu partiyada olanların 90 faizi məhz şəxsi maraqları naminə bura gələnlərdən ibarətdir. Saf insanları isə buradan uzaqlaşdırırlar, ya da onlar rəhbərliyin siyasətinə etiraz edərək özləri gedirlər. AXC-nin varisi olaraq ancaq Mirmahmud Mirəlioğlunu tanıyıram. O həmişə olduğu kimi bu gün də Elçibəyə sadiq şəxsdir. Əli Kərimlinin ətrafında olan insanlar zaman gəldi başa düşdü ki, burada başqa-başqa oyunlar gedir. Əli Kərimli və ətrafı Moskvadan Rüstəm İbrahimbəyovu gətirib deyirlər ki, prezidentimiz olmalısan. Nəyə görə onu gətirirdin? Sonda da gördüyümüz kimi İbrahimbəyov onları aldatdı. Aradan çıxaraq Moskvaya getdi. Rüstəm İbrahimbəyovun 5 dostundan 4 erməni olub. Bu hərəkətlər millətimizə qarşı olan addımlar idi ki, Əli Kərimli də burada iştirak edirdi. AXCP-də bəzi adamlar ayaqlarını dirədi ki, prezidentliyə namizəd mütləq İbrahimbəyov olmalıdır”.
AXCP üzvü Dəyanət Babayev isə bizimlə söhbətdə Əbülfəz Qurbanlının istefa səbəblərinə aydınlıq gətirdi: “Əbülfəz Qurbanlının istefa xəbərini eşidəndə özüm də təəccüb etdim. Onun birdən-birə qəfil istefası doğrudan da bəzi gizli məqamlardan xəbər verir. Son zamanlar AXCP-də Əbülfəz Qurbanlının ətrafında olan qruplaşma vurulmuşdu. Yəqin ki, Qurbanlı partiyada nələrə isə nail olmaq, partiya sədrinin yerinə gəlmək istəyirdi. Amma bunu bilən partiya rəhbərliyi həmin hadisənin baş verməsinə imkan vermədilər”.
ELÇİN