!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ədalət mühakiməsi sahəsində ciddi problemlər yarana bilər" - Məcəlləyə edilən dəyişikliyə REAKSİYA

!Reklam – Yazi

Azərbaycanda məhkəmə proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliyə görə, Mülki Prosessual Məcəlləsinə 174.5-ci maddə əlavə edilməsi təklif edilir. Bu təklifə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Hüquqşünas bildirib ki, ölkə qanunvericiliyinə edilən son dəyişikliklərdən biri ədalət mühakiməsi sistemi çərçivəsində hakimlərin sui-istifadə hallarına yol verməsi ilə bağlı  imkanların minimuma endirilməsi idi. Bu addım təqdirəlayiq hal olsa da, hazırkı sözügedən təkliflə hakimlərin yenidən sui-istifadə hallarına şərait yaradılacaq:

“Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə ədalət mühakiməsini həyata keçirən ayrıca məhkəmə hakimiyyəti var. 1995-ci il Konstitusiyasına əsasən, Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi var. Bu, demokratik dövlətlərin əsas amillərindən biri hesab olunur. Hakimiyyətlərin bölgüsü prinsipinə əsasən, qanunvericilikdə icra və məhkəmə hakimiyyətlərinin fəaliyyəti müstəqil şəkildə həyata keçirilir. Yəni, bu hakimiyyətlərin  bir-birinə qarşı tabeçiliyi yoxdur. Məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir. Bu məhkəmələr ədalət mühakiməsini yalnız tərəflərin irəli sürdükləri sübutlar və şahid ifadələri, o cümlədən qanunvericiliyin tələblərinə uyğun olaraq daxili inam əsasında yekun qərarla sonlandırır. Lakin təklif olunan dəyişikliyə görə, neytral mövqe tutmalı olan və eyni zamanda tərəflərə bərabər hüquq tanıyan, məhkəmə proseslərinə rəhbərlik edən  tərəflərə qarşı müxtəlif səpkidə təsirlər göstərilə bilər.

Əgər tərəflərdən biri qeyd olunan cəriməni ödəməyə layiq görülsə, hakim bunun səbəbini əsaslandırmalıdır. Lakin qanunda bu əsaslar konkret meyarlarla göstərilməyib. Ümumilikdə, hakimin tərəfin əsassız vəsatət və şikayət vermək qənaətinə necə gələcəyi, həmçinin işin süni şəkildə süründürməçilik olmadan düzgün və operativ şəkildə həll olunmasına mane olan addımları hansı meyarlara əsasən müəyyənləşdirəcəyi sual altındadır.  Bu baxımdan təklif olunan dəyişikliyin mahiyyəti və məzmunu  müəyyən şübhələr yaradır. Ona görə də qanunvericilikdə yeni əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Əks halda, ədalət mühakiməsi sahəsində ciddi problemlər yarana bilər”.

Gülşən Şərif

www.yenicag.az

1246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv