Bir müddət əvvəl həbs olunan sabiq səfir Eldar Həsənovun vəkilləri Cəlil Mirzəyev, Valeh Mehraliyev, Adəm Məmmədov və Cavad Cavadov Prezident İlham Əliyevə müraciət ediblər.
Yenicag.az xəbər verir ki, vəkillər Həsənovun səhhətinin pis olması və həyatı üçün təhlükə yarandığını qeyd ediblər.
Müraciətdə deyilir ki, Eldar Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyati-təhlükə olması ilə bağlı təcili tibbi müdaxilə lazımdır. “Ümid edirik ki, vəkillərin bu səsi tərəfinizdən eşidiləcəkdir. Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməyib”.
Qeyd edilir ki, həmçinin son 6 ay ərzində dəfələrlə Eldar Həsənovun həbs qətimkan tədbirinin dəyişməklə, Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarada cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilib. “Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşaiyət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir. Eldar Həsəənovun hal-hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”.
Vəkilləri onu da bildiriblər ki, Eldar Həsənov ilk gündən ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. “Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, Həsənov Eldar Hümbət oğlunun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün mümkün olan köməklik edəsiniz.”
www.yenicag.az