"Changan Azerbaijan"dan ŞİKAYƏT: "Həm qüsurlu avtomobil veriblər, həm də pul tələb edirlər"

media-hightechnic-468x90

Qüsurlu avtomobil satışı ilə bağlı “Changan Azerbaijan” ətrafında ciddi iddialar səsləndirilib.

Yenicag.az xəbər verir ki, həmin iddialar sosial şəbəkə hesabında Fuad Kərimli tərəfindən səsləndirilib.

O, iddia edib ki, avtomobili aldıqdan cəmi 8 gün sonra aşkarlanan texniki qüsurla bağlı servisə rəsmi müraciət etsə də, aylarla problem öz həllini tapmayıb. Şikayətə görə, məsuliyyəti qəbul etmək əvəzinə, şirkət tərəfindən maliyyə və hüquqi təzyiq göstərilib.

Avtomobilin istifadəyə yararsız vəziyyətdə olmasına baxmayaraq, ödəniş və cərimə tələbləri irəli sürülüb. Şikayətçi məsələni hüquqi və ictimai müstəvidə sona qədər aparacağını bəyan edir.

Şikayətçinin sözləri olduğu kimi təqdim olunur:

“Problemi həll edə bilməyəndə müştərini hədələmək yol deyil, Changan Azerbaijan. Qüsurlu avtomobil sat, 8 gün sonra edilən rəsmi müraciəti görməzlikdən gəl, aylarla problemi həll etmə, sonra da müştəriyə rəsmi məktubla cərimə yaz, müqaviləni ləğv etməklə hədələ. Bu nə hüquqdur, nə də etik davranış.

Avtomobili aldıqdan cəmi 8 gün sonra sürətlər qutusunda ciddi qüsurla bağlı rəsmi müraciət etmişəm. Bu müraciətə baxmayaraq, təxminən 5 aydır məsələ açıq qalır. Nə real texniki həll var, nə də zavod səviyyəsində məsuliyyətli yanaşma. Nə zəngimə, nə də mesajlarıma cavab verməyən “Direktor”, təxminən 10 gün əvvəl birbaşa özü mənimlə əlaqə saxladı və açıq şəkildə belə bir təklif verdi: “Avtomobili qüsurlu vəziyyətdə götür, sür. Biz yalnız 1 ayın ödənişini qarşılaya bilərik, 2 ayı isə sən ver”. Bu təklif, avtomobilin qüsurlu olduğunu faktiki olaraq etiraf edir; problemi aradan qaldırmaq yox, məsuliyyəti müştərinin üzərinə yükləmək cəhdidir. İndi isə nə baş verir? Həmin təklif tamamilə yox sayılır, bütöv 3 ayın ödənişi və faizləri tələb olunur, halbuki avtomobil 3 aydır yararsız vəziyyətdədir və istifadə edilmir. 5 ay davam edən bu mübahisədə keyfiyyətsiz, qeyri-peşəkar, psixoloji olaraq insanı bezdirən yanaşma görməzlikdən gəlinir. Amma yararsız vəziyyətdə satılmış avtomobilə görə ödəniş tələb olunur.

Qüsurlu avtomobilə görə hesablanan cərimələri tanımıram, müqavilənin birtərəfli qaydada ləğvi ilə razı deyiləm, ləğv olunarsa da mənim xeyrimə olmalıdır. Əks halda məsələni məhkəmə, İstehlakçıların Hüquqlarının Müdafiəsi, Antiinhisar və media müstəvisində sona qədər aparacağam.

Azərbaycan Respublikasının istehlakçı hüquqlarına dair qanunvericiliyə əsasən, qüsurlu məhsul təqdim edildiyi halda satıcı məsuliyyət daşıyır və istehlakçıya maliyyə təzyiqi göstərilə bilməz. Qüsurlu məhsul satıb, sonra da “sür, ödəyərsən” məntiqi ilə məsuliyyətdən yayınmaq mümkün deyil”, – deyə şikayətçi bildirib.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa