510 min manatlıq tender sual DOĞURUR?!: AYNA-nın "limitsiz" sığorta OYUNU
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsi tərəfindən könüllü tibbi sığorta xidmətinin satın alınması ilə bağlı elan edilmiş 510 min manatlıq, yəni yarım milyonluq tender suallar doğurur.
1 160 nəfəri əhatə edən bu müsabiqə üzrə bir nəfər üçün nəzərdə tutulan sığorta məbləği 10 min manat göstərilsə də, təqdim edilən xidmətlərin həcmi və real icra mexanizmi arasında uyğunsuzluq diqqət çəkir. Ekspertlər hesab edir ki, bu qədər geniş və limitsiz xidmət paketinin bazar şərtlərində həmin məbləğə keyfiyyətli şəkildə təmin edilməsi real görünmür.
Tender sənədlərində sadalanan tibbi xidmətlərin siyahısı həddən artıq genişdir: təcili yardım, stasionar və ambulator müalicə, mürəkkəb cərrahi əməliyyatlar, stomatoloji xidmətlər, fizioterapiya, vitaminizasiya, telesəhiyyə və hətta optik eynək və linzalar. Mütəxəssislərin fikrincə, bu qədər çoxşaxəli xidmətlərin bir paketdə birləşdirilməsi sığorta şirkətlərinin faktiki öhdəliklərdən yayınmasına və sonradan müxtəlif məhdudiyyətlərin tətbiqinə zəmin yarada bilər. Bu isə sığortalanan şəxslərin real tibbi təminat baxımından risk altında qalmasına səbəb ola bilər.
Digər diqqətçəkən məqam geriödəniş mexanizmi ilə bağlıdır. Podratçı siyahısına daxil olmayan tibb müəssisələrinə müraciət edən sığortalıların onlarla sənəd toplayaraq 30 gün ərzində sığortaçıya təqdim etməsi tələ olunur. Praktikada bu cür prosedurların vətəndaş üçün həm vaxt itkisi, həm də əlavə stress yaratdığı, bir çox hallarda isə ödənişlərin gecikdirildiyi və ya tam həyata keçirilmədiyi bildirilir. Bu da yarım milyon manatlıq tenderun sosial faydasını şübhə altına alır.
Şəffaflıq məsələsi də açıq qalır. Tenderin ehtimal olunan qiyməti yüksək olsa da, iştirakçı şirkətlərin sayı, qiymət təklifləri və qalibin seçilmə əsasları ictimaiyyət üçün kifayət qədər aydın deyil. Nəticədə, dövlət vəsaiti hesabına maliyyələşən 510 min manatlıq tibbi sığorta tenderinin real səmərəliliyi və ayrılan vəsaitin nə dərəcədə məqsədyönlü xərclənəcəyi sual altındadır. Bu isə ictimai nəzarətin və açıqlığın vacibliyini bir daha gündəmə gətirir.
Yenicag.az












