Bazarlarda rəngli məhsul təhlükəsi: “Salfetə və suya asan çıxırsa, ehtiyat edin”
“Məhsulların rənglənməsi müştərinin gözünə xoş görünmək üçün bir faktordur.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Sağlam Qida təbliğatçısı Asim Vəliyev bildirib.
A. Vəliyev son zamanlar sosial şəbəkələrdə portağal və kələm turşusu kimi məhsulların satıcılar tərəfindən boyanması ilə bağlı yayılan görüntüləri şərh edib:
“İstər portağal qabığının, istərsə də turşuların rənglənməsi mövzusunun ortaq tərəfi gözə xoş görünmə faktorudur. Portağalda parlaq narıncı rəng, turşuda isə qıpqırmızı ton diqqət çəkir. Halbuki təbii üsullarla buna nail olmaq mümkündür bəzən isə bu, saxtakarlığa yol açır. Ona görə də söhbət tək bir məhsuldan deyil, ümumi yanaşmadan gedir. Portağal qabığının 100 faiz rəngləndiyini və ya rənglənmədiyini birmənalı demək doğru deyil. AQTA rəsmisinin də mövqeyi məntiqlidir əgər idxal zamanı rəngləndirici aşkarlanarsa, həmin partiyanın dövriyyəyə buraxılmasının qarşısı alınır və ixracatçı ölkələr xəbərdar edilir –bu isə gələcəkdə belə halların azalmasına səbəb ola bilər.
Beynəlxalq təcrübədə portağalda “degreening” adlanan yığım sonrası texnologiya mövcuddur. Etilen qazı qabıqdakı yaşıllığın azalmasını sürətləndirir. Yəni burada məqsəd rəng qatmaq deyil, təbii rəng dəyişimi prosesini tezləşdirməkdir. Digər tərəfdən, bəzi bazarlarda qabığın səthinə birbaşa rəng verilməsi praktikası da mövcuddur. Kələm turşusunun qırmızıya çalması isə saxtakarlıq deyil; qırmızı kələm, çuğundur, hətta paprika kimi komponentlər rəngi təbii şəkildə verə bilər. İcazəli qida boyası düzgün dozada istifadə olunubsa, bunlar adətən təhlükəsizlik qiymətləndirməsindən keçmiş maddələr olur. Lakin yenə də bəzi həssas insanlarda səpgi tipli reaksiyaların verilməsi mümkündür. İcazəsiz texniki boyalar isə tamamilə fərqli və təhlükəli mövzudur.
Ev şəraitində bu qəbil qida hiylələrini laboratoriya dəqiqliyi ilə müəyyən etmək çətindir, lakin şübhəni artıran əlamətlər ola bilər. Əgər rəng həddən artıq parlaq və plastik tonludursa, salfetə və ya suya çox asan çıxırsa, dad və qoxuda qəribəlik hiss olunursa, ehtiyatlı olmalıyıq.
Yenə də bütün məsələ düzgün məlumatlandırmadan və maarifləndirmə işindən keçir. Turşunun etiketində rəngin çuğundur və ya qırmızı kələm kimi komponentlərdən alındığına dair izahedici mətn yazıla bilər. Bunu şəffaf şəkildə qeyd etmək istehlakçının şübhəsini azaldır. Həmçinin istehlakçıya “degreening” əməliyyatının mahiyyəti izah olunmalıdır: portağalda bu prosesin nə olduğu, turşuda rəngin necə yarandığı barədə məlumat verilməlidir. Eyni zamanda, AQTA-nın yoxlama proseslərini sadə dildə izah edən rubrikalar təşkil edilə bilər və bazar satıcıları üçün kiçik təlimlər keçirilə bilər. Ən ideal və ədalətli yanaşma, etiketdə məhsulun tərkibi və keçdiyi işləmlər barədə şəffaf məlumat verməkdir.”
Nurlan Cəfəri












