Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az-ın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V. Mahmudov 2 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzası istintaq dövründən hesablandığı üçün cəza müddəti başa çatmış hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
www.yenicag.az