“Business Insider” nəşri elektron poçtda spam mesajlarla mübarizənin 7 üsulunu açıqlayıb.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, birincisi, elektron ünvanın adını açıqlayarkən diqqətli olmalı, onun forum, elan saytları, həmçinin şübhəli saytlarda dərc edilməsindən uzaq olmaq lazımdır. “Öz elektron poçt ünvanınızı qiymətli şəxsi məlumat kimi qiymətləndirin” – məqalədə deyilir.
İkincisi, birdəfəlik hesablardan istifadə etmək olar, bunun üçün mövcud olan xüsusi xidmətlər elektron poçt ünvanını gizlədir.
Spamla mübarizənin üçüncü üsulu elektron poçt kliyentlərində mükəmməl filtr tənzimlənməsidir.
Dördüncü üsul spam məktub göndərənlərin bir-bir bloklanmasıdır, ancaq bu qərar həmişə effekt vermir.
Beşinci məsləhət ondan ibarətdir ki, spam məktublara heç vaxt cavab verməyin. Bu, sizin poçtunuza daha çox spam məktub göndərilməsinə səbəb ola bilər.
Altıncı qayda odur ki, heç vaxt spam mesajlardakı istinadlara keçid etməyin. Bu, belə məktub göndərənlərin şəxsi informasiyaya müdaxiləsi və ya elektron poçt ünvanını digər spammerlərlə paylaşması ilə nəticələnə bilər.
Təklif edilmiş son yeddinci üsul yeni poçt qutusunun yaradılmasını nəzərdə tutur. Bu həll spam mesajlara nəzarət edə bilmədikdə və yuxarıda təsvir edilmiş addımların effekti olmadıqda aktual ola bilər.
www.yenicag.az