Elm və Təhsil Nazirliyindən növbəti OYUN: “Mənasız tenderlər, gülünc tədbirlər...”

media-hightechnic-468x90

“Çox təəssüf ki, ölkədə təhsil sektoru ildən-ilə tənəzzülə uğrayır, məhvə doğru gedir və tamamilə bərbad vəziyyətə düşüb. Halbuki dövlət büdcəsindən ən böyük ayırmalardan biri məhz təhsilə yönəldilir. Bu da ildə təxminən 4 milyard manatdır. Amma bu vəsait gülməli tenderlər, şişirdilmiş, lazımsız və mənasız layihələr vasitəsilə israf olunur”.

Bunu Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

media-elcin_bayramli

O, Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan tenderlərlə bağlı sosial şəbəkə və ictimaiyyətdə yaranmış qınaqlara münasibət bildirib.

Onun sözlərinə görə, ölkənin bir çox rayon və kənd məktəbləri bərbad vəziyyətdədir:

“Bəzi məktəblər var ki, demək olar ki, istifadəyə yararsız hala düşüb, nə normal bina var, nə də rahat şərait. Bu vəziyyətdə guya təhsil verilir. Siniflərdə 35-40 uşaq təhsil alır. Hazırda Tovuz rayonunun böyük kəndlərindən birindəyəm – 20 min əhalisi olan bu kənddə sovet dövründə iki məktəb var idi. Sonradan onlardan biri ləğv edildi və bütün yük digər məktəbin üzərinə düşdü. Kənd çox böyük ərazini əhatə edir, başdan-başa məsafə 10 kilometrdən çoxdur. Uşaqların bəziləri məktəbə getmək üçün 5-6 kilometr piyada yol qət edirlər. Bu, həm şagirdlər, həm müəllimlər, həm də valideynlər üçün böyük əziyyət deməkdir”.

Mütəxəssis söyləyib ki, iki məktəb belə bu kənd üçün az olduğu halda, onlardan birinin ləğv edilməsi tamamilə anlaşılmazdır:

“Digər yerlərdə də oxşar mənzərə var. Məsələn, Düzəxan kənd məktəbi, Əlimərdanlı kənd məktəbi – hamısı bərbad gündədir. Bir çox rayonlarda da eyni vəziyyət mövcuddur: məktəblər bağlanır, birləşdirilir, şagird sıxlığı artır. Məqsəd guya “pula qənaət”dir. Təhsilə gəldikdə isə sanki vəsait qalmır. Əvəzində isə mənasız tenderlər, lazımsız bəzək-düzək işləri, gülünc tədbirlər üçün pul xərclənir. Halbuki, ən azı elementar tədris şəraitini yaratmaq üçün vəsait ayrılmalıdır. Təhsilin keyfiyyətinə gəldikdə isə ümumiyyətlə, danışmağa dəyməz – keyfiyyət demək olar ki, yoxdur. Orta məktəb təhsili beşballıq sistem üzrə ən yaxşı halda “iki”yə bərabərdir. Bu, həm imtahan nəticələrində, həm də ali məktəblərə qəbul göstəricilərində açıq görünür”.

“Beləliklə, bir tərəfdən, keyfiyyət sıfır səviyyəsindədir, digər tərəfdən isə tədris şəraiti və məktəb təminatı acınacaqlı haldadır. Əhali artır, lakin yeni məktəblər açmaq əvəzinə mövcudları da bağlayırlar. Məktəblərin və müəllimlərin sayı azaldılır ki, bu da təhsilin keyfiyyətini daha da aşağı salır. Bu sahədə heç bir müsbət dəyişiklik gözləmirəm. Açıq şəkildə təhsilin bərbad vəziyyəti barədə danışanda isə yuxarı orqanlardan, audit və nəzarət qurumlarından heç bir reaksiya verilmir. İctimaiyyət, media, müəllim və şagirdlər tərəfindən də ciddi etiraz yoxdur. Təhsil sektoru tamamilə nəzarətsiz qalıb. Artıq 30 ildir ki, təhsil sahəsində “təcrübə” adı altında uğursuz eksperimentlər aparılır. Nəticə isə göz önündədir: Azərbaycan təhsili faktiki olaraq ölüb”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa