Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Elmə sərmayə qoymasaq, sabah bundan yüz qat artığını xərcləməli olacağıq” - Gövhər Baxşəliyeva  

“Ziya Bünyadovun kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?”

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilmiş plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinə münasibət bildirən millət vəkili, akademik Gövhər Baxşəliyeva deyib.

Gövhər Baxşəliyevanın sözlərinə görə, bu gün fundamental elmə xərclənən vəsait gələcəyə – millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir:
“Açıq demək lazımdır ki, Milli Elmlər Akademiyasının digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun gəlmir. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyildir.

Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir.

Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.

Baxşəliyevanın fikrincə, AMEA-nın əhəmiyyətini dərk etmək üçün milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir:
“Bu şəxsiyyətlər AMEA-dakı unikal mühitin yetirmələridir. Fikrimizcə, bu, AMEA-nın dövlətimiz üçün strateji əhəmiyyətli bir qurum olduğunu isbatlamaq üçün yetərli dəlildir.

Bir mühüm məqama da toxunmaq istərdim: Bəzi elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir.

Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada “praktik fayda” meyarı ilə yanaşmaq olmaz. Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir.

Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylər dövləti” kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pul ekvivalenti ilə ölçmək olar?!

Fundamental elmə xərclənən vəsait gələcəyə – millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir. Əgər bu gün tələb olunan maliyyə vəsaitini əsirgəsək, sabah bundan yüz qat artığını qoymalı olacağıq”.

A.Zeynalov

Loading...

www.yenicag.az

2413
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100