“Elmira Axundova istəməz ki, Ukraynada üzümüz ağ olsun” - REAKSİYA
“Pravokatorlar istəyirlər ki, məsələni fərqli formada çatdırsınlar, guya biz öz insanlarımıza sahib çıxmırıq”.
Bu fikirləri Azərbaycanın Ukraynadakı səfirliyinin müharibə ilə əlaqədar həmin ölkədən vətənə qayıtmaq istəyən vətəndaşlarımıza yetərli dəstək verməməsi haqda iradlara toxunan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
MMP sədrinin sözlərinə görə, bu məsələdən istifadə edərək ölkədə qarışıqlıq yaratmaq istəyənlər var:
“Hələ ilk gündən cənab prezident bu barədə Xarici İşlər Nazirliyinə, səfirliklərə müvafiq göstəriş verib. Təbii, bilirsiniz ki, bizim Ukraynadakı səfir Elmira Axundova, əslində, Ramiz Mehdiyevin adamıdır. Xatırlayırsınızsa, oğlu da Prezident Administrasiyasında işləyirdi, oradan qovuldu. Hər halda, Elmira Axundova istəməz ki, bizim Ukraynada üzümüz ağ olsun.
Amma prezident bu məsələni ciddi şəkildə öz nəzarətində saxlayır. Ona görə də, düşünürəm ki, bizim Ukraynada olan, o cümlədən, müharibə ilə əlaqədar digər ölkələrə keçmiş vətəndaşlarımızın ölkəyə qayıdışı yüksək səviyyədə təmin ediləcək.
Bilirik də, Elmira Axundova kimdir, ona fikir verməməliyik. Onlar istəyirlər ki, belə bir vaxtda ölkədə narazılıq yaransın, qarışıqlıq düşsün. Biz buna gedə bilmərik. Hər birimiz çox ayıq-sayıq olmalıyıq.
Ölkəyə qayıtmaq istəyən insanlarımızla biz də öz kanallarımız vasitəsilə əlaqə saxlayırıq. Soydaşlarımız təmkinli olmalıdırlar. Pravokatorlar istəyirlər ki, məsələni fərqli formada çatdırsınlar, guya biz öz insanlarımıza sahib çıxmırıq.
Moldovadakı səfirimiz bizim qohumdur, onunla da əlaqə saxlamışam. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız səfirliyin otaqlarında yerləşdiriliblər, onların sağ-salamat vətənə göndərilməsi üçün bütün addımlar atılır”.
A.Zeynalov