Elnurla bağlı xəbərlər təkzib edildi
Müğənninin “Medcezir” serialında rol alması xəbərinə də aydınlıq gətirildi.
Bir neçə gündür ki, “O səs Türkiyə” musiqi müsabiqəsinin azərbaycanlı iştirakçısı Elnur Hüseynovla bağlı Azərbaycan mətbuatında müxtəlif tipli informasiyalar dərc olunur.
Onlardan biri Elnurun Türkiyənin TV8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalaması və Adriana Lima ilə birlikdə moda verilişi aparacağı barədə xəbərlərdir.
Bütün bunlara aydınlıq gətirmək üçün Türkiyənin TV8 telekanalı ilə əlaqə yaradılıb. Kanal rəhbərliyindən bildirilib ki, bunlar yalan xəbərlərdir.
Eyni zamanda, Elnurun Türkiyə istehsalı olan “Medcezir” serialında rol alması xəbərinə də aydınlıq gətirilib. TV8-dən verilən məlumata görə, Elnur belə bir seriala dəvət almayıb.
Bundan əvvəl isə Elnurun adından yazılan bəyanatda bildirilirdi ki, guya o, yanvar (!) ayında Yaşıl teatrda (hansı ki, açıq səhnədir) konsert verəcək.
Əlbəttə, biz də istəyirik ki, həmyerlimizin səsi daha uca zirvələrdən gəlsin, amma onun adından istifadə edib, yalan-yanlış xəbərlərlə oxucunu aldatmaq düzgün addım sayıla bilməz! Bütün yayılan məlumatlar Elnur Hüseynovun adına açılmış saxta Facebook və İnstagram profilləri vasitəsilə tirajlanır.
Oxucularımızı ehtiyatlı olmağa, doğrunu yalandan seçməyə səsləyirik!(oxu.az).