Elxan Məmmədovun kölgəsində gün keçirənlər…

Futbol üzrə Azərbaycan millisinin səfərdə Norveçə qarşı sərgilədiyi oyun azarkeşlər tərəfindən ciddi narazılıqla qarşılansa da, nədənsə, futbolumuzun ağsaqqalları səssiz rejimə keçdilər.

Söhbət Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov başda olmaqla, İsgəndər Cavadov, Ağasəlim Mircavadovdan, eləcə də Böyükağa Hacıyevdən gedir. Əslində, Hacıyevi qınamalı bir məqam yoxdu. “Zəif” ləqəbli mütəxəssis açıqlamaları ilə ara-sıra gündəmə gəlir.

Bəs, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov necə? Çıxıb Robert Prosineçkinin oynatdığı futbolla bağlı etirazını bildirə bilərmi? Ona bu yöndə İsgəndər Cavadov necə, dəstək ola bilərmi? Əsla! Çünki adıçəkilən şəxslər çoxdan övladları yaşda olan AFFA-nın baş katibi Elxan Məmmədovun vassallığını qəbul ediblər.

Bunun sizə təqdim etdiyimiz fotolarla da sübut edə bilərik. Məlum olduğu kimi, bu gün millimiz doğma azarkeşləri önündə San Marinonu qəbul edəcək. Bu münasibətlə matçdan əvvəl Assosiasiyanın baş katibi qonaqların futbol federasiyasının rəhbərliyinin şərəfinə Bakının dəbdəbəli otellərinin birində ziyafət verib. Əslində, burada qeyri-adi heç nə yoxdu. Bu, ən azından nəzakət qaydasıdır.

Maraqlıdır ki, sözügedən ziyafətdə Vaqif Sadıqovla İsgəndər Cavadov da iştirak etdi. Dedilər, güldülər, yedilər, içdilər və s. İndi Elxan Məmmədovun “şot” verdiyi adamdan biz onun milliyə gətirdiyi Prosineçki ilə bağlı necə etiraz açıqlaması gözləyək? Təəssüflər olsun ki, futbollarımızın ağsaqqalları çoxdan Məmmədovun ağalığını qəbul ediblər. İndi də ağa deyir sür dərəyə, sür də… Özü də İsgəndər Cavadov üçün ayrılmış 90-AF-011 dövlət nömrə nişanlı lüks avtomobillə…

P.S. Bu şəxslərə yalnız sifariş gələndə danışacaqlar. Onda da Prosineçkini qovmaq lazım olanda…

Emin Səfərov

COP29