“Aramızda bir balaca inciklik olub, amma Emil heç vaxt kin saxlayan uşaq olmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanoğlunun anası Ulduz xanım “O üz” verilişində deyib.
Əməkdar artist Rəhman Rəhmanovun keçmiş həyat yoldaşı bu əzabı ona yaşadanları heç vaxt bağışlamayacağını bildirib:
“Həmişə onun qayğısına qalmışam. Səhvinə görə həbsxanaya düşəndə də yanına gedib-gəlmişəm. Oğlumu sonuncu dəfə ölümündən iki il əvvəl görmüşəm. Aramızda bir balaca inciklik olub, amma Emil heç vaxt kin saxlayan uşaq olmayıb.
Bilmirəm, necə oldusa, məni axtarmadı. Ölümündən əvvəl xəstəxanaya gedəndə dedi ki, ana, mənə halallıq ver. Dedim bala, o nə sözdür mən sənə həmişə halallıq vermişəm. Ondan sonra mən Emilin səsini eşitməmişəm. Oğlumun öldüyünü mənə demədilər.
Bunu onlara heç vaxt bağışlamayacam. Bacımoğlu xəbəri “Instagram”da görüb mənə demişdi. Ölümündən əvvəl balam o tərəf, bu tərəfə baxırmış. Bəlkə də gözü məni axtarırmış, amma mənə xəbər vermədilər. Bəlkə bir sözü var idi, mənə deməyə… İki oğlumun ikisini də torpaq altına qoymuşam”.
Nehru
www.yenicag.az