Niyə eyni ailədən bir neçə nəfər boğulur? – Çimərliklərdəki böyük təhlükənin SƏBƏBİ
“Nəzarətsiz çimərliklərdən istifadə etməyin ki, dəniz istirahətiniz faciə ilə deyil, xoş xatirələrlə başa çatsın.”
Bu sözləri Yenicag.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib.

Ekspert son zamanlar artan boğulma hallarının və ötən illə müqayisədə bu il statistikanın daha yüksək olmasının səbəblərini açıqlayıb:
“Son zamanlar çimərliklərdə baş verən bədbəxt hadisələrin artması insanların nəzarətsiz ərazilərə üz tutmasının nəticəsidir. Mütəmadi aparılan maarifləndirmə və təbliğat işləri çərçivəsində vətəndaşlara nəzarətsiz çimərliklərdən istifadə etməmək tövsiyə olunur. Bu cür yerlərdən istifadə insan həyatı üçün birbaşa böyük təhlükə və riskdir. Çünki boğulma riski ilə üz-üzə qalan şəxsləri xilas edən peşəkar heyət olmur. Nəzarət edilən çimərliklərdə isə belə hal baş verərsə, xilasedicilər dərhal təhlükəni müəyyən edib insanların həyatını xilas edirlər. Nəzarətsiz çimərliklərdə suda boğulan şəxsə ətrafdakı insanların kömək etməyə çalışması onların öz həyatı üçün də ciddi təhlükə yaradır. Baş verən hadisələrin təhlili göstərir ki, bəzən bir ailənin bir neçə üzvü eyni çimərlikdə, eyni vaxtda həyatını itirir. Ona görə də insanları qaydalara əməl etməyə, həyatlarını riskə atmamağa çağırırıq. Yalnız xilasedici briqadanın fəaliyyət göstərdiyi nəzarətli çimərliklərdən istifadə edin ki, istirahətiniz faciə ilə deyil, xoş xatirələrlə yadda qalsın.”
Nurlan Cəfəri













