Sumqayıtda əməliyyatdan çıxan 4 yaşlı qız uşağı ölüb.
Hadisə Sumqayıtda yerləşən özəl klinikaların birində baş verib. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı Arzu Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
Əməliyyatı həyata keçirən həkim İlham Ağayev uşağın qusma nəticəsində həyatını dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, əməliyyatdan sonra balaca Arzunun vəziyyəti yaxşı olub: “Uşaq ötən gün günorta saat 1 radələrində əməliyyata salınıb. Əməliyyat çox uğurla başa çatıb. Əməliyyatdan sonra uşağın anası yanında olub. Mən özüm də axşam saat 18:00-dək klinikada olmuşam, tez-tez ona baş çəkmişəm. Arzu danışırdı, gülürdü, bir az süd və su içmişdi”.
Həkim evə getdikdən sonra da tez-tez xəstəyə görə klinikaya zəng vurduğunu və oradan müsbət cavab aldığını bidirib. Lakin axşam saat 21 radələrində uşağın vəziyyəti pisləşib və o qaytarıb.
İ.Ağayevin sözlərinə görə, həmin vaxt da uşağın anası yanında olub. “Amma bilmirəm uşaq qaytaranda üzü aşağı olub və ya necə olub ki, qaytardığı kütlə onun nəfəs borusuna gedib, edilən müdaxilələrə baxmayaraq, o, dünyasını dəyişib”.
Əməliyyatı həyata keçirən həkim deyir ki, körpənin aspirasiya (bədən boşluğunda qalan maye, hava və s.kütlənin sorulması) edərkən uşağın nəfəs borusundan qida kütləsi çıxıb. Güman olunur ki, bu səbəbdən uşaq boğulub, ölüb. Ölümün səbəbinin daha dəqiq olması üçün həkimlərin və hüquq-mühafizə orqanlarının təkidi ilə valideynlər meyiti ekspertizaya göndərməyə razı olub.
“Uşağın ölümünün əməliyyatla heç bir əlaqəsi yoxdur”, – deyə İlham Ağayev əlavə edib.(ans)
www.yenicag.az