Engin Şirvan: "Kipr Türk dünyasının ən təhlükəsiz və səmimi guşəsidir" - VİDEOMÜSAHİBƏ
“Yeni Çağ”ın müsahibi Şimali Kipr Türk Respublikasında yaşayan, Beynəlxalq Final Universitetinin müəllimi, köməkçi dosent Engin Şirvandır.
– Yunanlarla bağlı müəyyən güc nümayişinin edildiyi görünür. Yeni dövrdə nələr baş verir?
– Əvvəlcə onu qeyd etməliyəm ki, mən Şimali Kiprdə qonağam. Bəli, orada yaşayıram və universitetdə tədris üzvüyəm, lakin Türkiyə Cümhuriyyəti vətəndaşıyam. Buna görə də hadisələrə bir qonağın gözü ilə baxdığımı deməliyəm. Müşahidələrimə görə, rum tərəfi müəyyən mənada “quyruq acısı” yaşayan bir tərəfdir. Vaxtilə sınadıqları EOKA hərəkatı – yəni türkləri adadan çıxarmaq cəhdi – uğursuz olduqdan sonra onlar uzun müddət beynəlxalq aləmdə ciddi uğur qazana bilmədilər.
Hazırda iqtisadi baxımdan baxanda cənub tərəfi daha inkişaf etmiş kimi görünə bilər. Lakin bu, əsasən kiçik bir ölkənin Avropa Birliyindən müntəzəm şəkildə maliyyə və iqtisadi dəstək alması ilə bağlıdır. Yəni bu inkişaf onların öz istehsalı və ya kənd təsərrüfatı potensialı hesabına deyil, əsasən xarici maliyyə dəstəyi ilə baş verib.
Digər tərəfdən, həmin maliyyə dəstəyindən asılı vəziyyətdə olduqları üçün bəzi qərarlara göz yummaq məcburiyyətində qalırlar. Məsələn, adada qarantor dövlətlərin – Türkiyə, Yunanıstan və Böyük Britaniyanın – hüquqları çərçivəsində mövcud olan iki ingilis hərbi bazası var. Bu bazaların əsas məqsədi, Türkiyənin də bölgədəki hərbi varlığı kimi, adanın ümumi təhlükəsizliyini təmin etmək və keçmişdə yaşanan qarşıdurmaların təkrarlanmasının qarşısını almaqdır.
Lakin hazırda rum tərəfinin nəzarətsiz siyasəti nəticəsində qarantor dövlət olmamasına baxmayaraq bəzi Avropa ölkələri – məsələn Fransa, İspaniya və digərləri – adaya hərbi gəmilər və təyyarələr gətirirlər. Halbuki beynəlxalq qarantorluq razılaşmasına görə belə addımlar yalnız Türkiyə, Yunanıstan və Böyük Britaniyanın razılığı ilə mümkün olmalıdır. Rum tərəfi isə iqtisadi dəstəyi itirməmək üçün buna göz yumur. Nəticədə İran da bu vəziyyətdə Kiprlə birbaşa əlaqəsi olmasa da, bölgədəki bazaları hədəf alaraq dron hücumu həyata keçirdi və bu da adadakı mülki əhalinin təhlükəsizliyini risk altına qoydu. Məncə, hazırda baş verən hadisələrin qısa xülasəsi budur.
– Dron hadisəsindən söz düşmüşkən, bunun şimal tərəfinə – sizin yaşadığınız bölgəyə də təsiri oldumu? Yəni adada bu hadisə necə qarşılandı?
– Adada bu hadisə narahatlıqla qarşılandı. Kipr çox kiçik bir coğrafiyadır. Bəli, adada iki ayrı siyasi qurum var, amma məsafələr çox yaxındır. Bir tərəfdə baş verən gərginlik istər-istəməz digər tərəfdə də insanların narahatlığına səbəb olur. Xüsusilə də yaxın tarixində müharibə görmüş cəmiyyət üçün belə hadisələr psixoloji təsir yaradır.
Bununla belə, Şimali Kipr Türk Cümhuriyyəti hazırda çox təhlükəsizdir. Birbaşa hədəf alınan hər hansı obyekt və ya hücum yoxdur. Eyni zamanda qarantor dövlət kimi Türkiyə təhlükəsizliyi gücləndirmək üçün Ərcan hava limanına 6 ədəd F-16 qırıcı təyyarəsi göndərdi. Bu da Yunanıstanın göndərdiyi iki F-16-ya cavab xarakteri daşıyırdı.
Qısası, Şimali Kipr Türk Cümhuriyyəti hazırda bölgədəki gərginlik fonunda bəlkə də ən təhlükəsiz nöqtələrdən biridir. Amma sadə bir misal var: qonşunuzun evində yanğın çıxanda siz də istər-istəməz narahat olursunuz. Burada da insanlar eyni sualı verirlər – bundan sonra nə olacaq?
– Bəs yeni rəhbərlik baxımından – Tatar dövrü ilə Erhürman dövrü arasında hansı fərqlər var? Siz adada yaşayan biri kimi bunu necə qiymətləndirirsiniz?
– Mənim müşahidəmə görə, əvvəlki prezident Ərsin Tatar xalqın içində olan bir lider idi. Onu gündəlik həyatda küçədə, bazarda, marketdə görmək mümkün idi. Məsələn, Kiprə ilk gəldiyim həftələrdə Lefkoşada bazara getmişdim. Bir çayxanada oturarkən bir nəfər gəlib salam verdi, ailəmlə maraqlandı və getdi. Sonra gördüm ki, mühafizəçilər var və soruşdum – kimdir? Dedilər ki, prezidentdir. Yəni bu qədər sadə və xalqla iç-içə olan bir insan idi.
Lakin dövlət idarəçiliyində müəyyən məsafə də lazımdır. Türkiyədə dövlət qurumlarında dövlət avtoriteti və rəsmi məsafə çox önəmlidir. Xalqın içində olmaq yaxşıdır, amma eyni zamanda dövlət vəzifəsinin ciddiyyətini qorumaq da vacibdir.
Hazırkı prezident Erhürman isə bu məsələyə daha çox diqqət yetirir. O da əlçatan bir liderdir, insanlar randevu alıb onunla görüşə bilirlər, müxtəlif tədbirlərdə iştirak edir. Amma əvvəlki prezident qədər hər yerdə görünməyə çalışmır. Daha çox dövlət institutunun ciddiyyətini ön plana çıxarmağa çalışır.
Ərsin Tatar dövründə rum tərəfi ilə danışıqlar müəyyən nöqtədə dalana dirənmişdi. Bunun əsas səbəbi də rum tərəfinin qeyri-proporsional və sərt mövqeyi idi. Hazırda isə Erhürman yenidən dialoqa başlayıb və əsas mesajı belədir: “Biz də bu adada yaşayan bir dövlətik. Əgər həll yolu axtarırıqsa, bu, qarşılıqlı danışıq yolu ilə olmalıdır.”
Mənim müşahidəmə görə, Erhürman nə Türkiyə ilə, nə də türk dövlətləri ilə münasibətlərə mənfi yanaşan bir siyasətçi deyil. Çünki o, Ankarada Mülkiyə məktəbinin məzunudur və dövlət idarəçiliyi ənənəsini yaxşı bilir. Hazırda əsas məqsədi dövlət institutlarını daha ciddi və sistemli şəkildə fəaliyyət göstərən quruma çevirməkdir.
– Partiya baxımından yanaşsaq, Ərsin Tatarın partiyasından fərqli olaraq CTP – yəni Erhürmanın partiyası – rumlarla barış və mümkün birləşmə məsələlərini daha çox gündəmə gətirir…
– CTP ilə əlaqədar belə bir durum mövcuddur. CTP Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasından öncəsinə, yəni Kipr Cümhuriyyətinin olduğu dövrə, kökləri keçmişə dayanan bir partiyadır. Onların əsas yanaşması “Kipr kiprlilərindir” düşüncəsi üzərində qurulub. Təbii ki, hər düşüncədə olduğu kimi burada da müxtəlif mövqelər var. Bu fikri çox radikal şəkildə ifadə edənlər də var, daha realist və günün şərtlərinə uyğun şəkildə dilə gətirənlər də. Lakin bu o demək deyil ki, CTP tərəfdarları Türkiyəni istəmirlər. Xeyr.
Onların əsas yanaşması belədir: burada bir Kipr var və Kipri kiprlilər idarə etməlidir. Yəni türk və ya rum olmasından asılı olmayaraq. Əgər biz Şimali Kipr Türk Cümhuriyyətiyiksə, bizi “yavru vətən” kimi deyil, “qardaş vətən” kimi görmək lazımdır. Yəni Ankaranın hər mövzuda “bunu et, bunu etmə” şəklində yönləndirməsindən daha çox, qarşılıqlı hörmətə əsaslanan münasibət istəyirlər.
Təbii ki, cəmiyyət daxilində daha radikal fikirləri olan qruplar da var. Məsələn, bəzi kənd yerlərində “türklər getsin, rumlar bizə heç vaxt pislik etməyib” kimi düşünən insanlar da mövcuddur. Amma bu cür fikirlər hər cəmiyyətdə olduğu kimi azlıq təşkil edir. Tarixi faktlar isə sənədləri və sübutları ilə ortadadır.
– Bir qədər də universitetlərdən danışaq. Bildiyimiz qədərilə Kipr həm də tələbə ölkəsidir. Amma eyni zamanda onun bir çox ölkə tərəfindən tanınmaması da böyük problemlərdən biridir. Sizcə bir tələbə niyə Kipri seçməlidir?
– Bir tələbənin Kipri seçməsi üçün üç əsas səbəb saya bilərəm.
Birincisi, universitet seçərkən ciddi araşdırma aparmaq lazımdır. Əgər tələbə aldığı diplomun beynəlxalq səviyyədə tanınmasını istəyirsə, seçdiyi universitetin Türkiyədəki YÖK – Yüksəköğretim Kurulu tərəfindən tanınması vacibdir. Bu isə həmin diplomun beynəlxalq səviyyədə keçərli olması deməkdir. Kiprdəki bir çox universitet bu akkreditasiyaya və akademik standartlara malikdir.
İkinci səbəb təhlükəsizlikdir. Açığı, mənim ailəmlə birlikdə Kiprə köçməyimin ən böyük səbəblərindən biri də budur. Dünyada bu qədər müharibə və gərginlik olduğu bir dövrdə mən özümü ən təhlükəsiz hiss etdiyim yerlərdən birinin Kipr olduğunu düşünürəm. Məsələn, evdən çıxarkən qapını kilidləməsəm belə, “kimsə girərmi” kimi bir narahatlıq yaşamıram. Maşının şüşəsi və ya qapısı açıq qalsa belə, problem olacağını düşünmürəm.
– Yəni oğurluq ümumiyyətlə yoxdur?
– Təbii ki, dünyanın hər yerində olduğu kimi burada da cinayət hadisələri olur. Amma təhlükəsizlik səviyyəsi çox yüksəkdir. İnsanların bir-birinə qarşı münasibəti çox səmimidir, mübahisələr və asayiş problemləri çox azdır. Ada kiçik olduğu üçün sanki böyük bir məhəllə kimidir. Bəzən bir hadisə baş verməzdən əvvəl artıq məhəllə sakinləri müdaxilə edir.
– Yəni demək olar ki, hamı bir-birini tanıyır.
– Demək olar ki, elədir. Bu, həqiqətən də çox gözəl bir mühit yaradır. Məsələn, mən Ankaralıyam. Ankarada küçədə uzun məsafə getsəniz belə kimsə dayanıb sizi aparmağı təklif etməz. Amma Kiprdə isti havada piyada gedəndə maşın saxlayıb “qardaş, hara gedirsən, səni aparım” deyən insanlar olur. Bu, çox səmimi və dostluq mühitidir.
Üçüncü səbəb isə təhsil modelidir. Mən bakalavr təhsilimi Bilkent Universitetində almışam. Türkiyənin ən prestijli universitetlərindən biridir. Bizim dövrümüzdə ən vacib dərsləri professorlar böyük auditoriyalarda keçir, tələbələrin isə onlara sual vermək imkanı demək olar ki, olmurdu. Sualınız olarsa, əvvəlcə asistenta müraciət edirdiniz, o uyğun görsə professorla paylaşırdı.
Kiprdə isə vəziyyət fərqlidir. Mən dərs keçərkən tələbələrin hər birini görə bilirəm: kim diqqətlə dinləyir, kim telefona baxır, kim yorulub. Birbaşa onlarla ünsiyyət qururam. Tələbələr istədikləri zaman mənim otağıma gəlib sual verə bilirlər.
Yəni qısaca desək: beynəlxalq səviyyədə tanınan universitetlər, çox yüksək təhlükəsizlik və böyük universitetlərdə belə butik – yəni fərdi yanaşmaya əsaslanan təhsil sistemi mövcuddur. Bu da xüsusilə mühəndislik və memarlıq kimi sahələrdə tələbələrin professorlardan birbaşa öyrənməsi baxımından çox dəyərlidir.
– Mən də Kiprdə olarkən bir universitetə getmişdim və eyni mühiti görmüşdüm. Məsələn, Azərbaycanda bir tələbənin rektora birbaşa çatması demək olar ki, mümkün deyil. ADA Universiteti kimi bir-iki istisna var, amma əksər universitetlərdə rektora deyil, hətta rektor köməkçisinin köməkçisinə belə çatmaq çətindir. Amma Kiprdə mən şahid oldum ki, rektor tələbələrlə birlikdə bilyard oynayır. Yəni çox fərqli bir atmosfer var.
Digər tərəfdən, Ərsin Tatar dövründə Türk dünyası ilə münasibətlərdə ciddi irəliləyişlər oldu. Məsələn, onun Azərbaycana səfərləri, Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvlük və digər addımlar. Sizcə, Erhürman dövründə bu münasibətlər necə inkişaf edəcək?
– Erhürman bəy, dediyim kimi, dövlət institutlarının ciddiliyini ön plana çıxarmağa çalışan bir siyasətçidir. Amma qeyd etdiyiniz məsələlər şəxsi siyasətdən çox dövlət siyasətidir. Mən düşünürəm ki, Erhürman da Ərsin Tatar dövründə başlanmış bu prosesləri davam etdirəcək. Türk dünyası ilə əlaqələr, qarşılıqlı səfərlər, toplantılar və əməkdaşlıq platformaları davam edəcək.
– Bəs bu məsələlər partiyası ilə ziddiyyət yarada bilərmi?
– Şimali Kipr Türk Cümhuriyyətində sistem belədir ki, bir siyasətçi prezident seçildikdən sonra artıq partiyalarüstü mövqedə dayanır. Təbii ki, belə qərarlar qəbul ediləndə partiya daxilində fərqli səslər çıxa bilər. Amma əgər prezident olaraq dövlət maraqları tələb edirsə, o zaman bu addımlar atılacaq.
Məsələn, lazım gəldikdə rum tərəfi ilə danışıqlara çağıracaq, lazım gəldikdə isə ingilis hərbi bazalarının bağlanmasını tələb edəcək bir mövqe ortaya qoya bilər.
– Türk dünyasından gözləntilər nələrdir?
– Şimali Kiprdə türk dünyasından ən çox tanınan və görünən insanlar azərbaycanlılardır. Çünki adada kifayət qədər azərbaycanlı yaşayır. Eyni zamanda türkmənlər də var.
Kiprin ən böyük problemi isə beynəlxalq səviyyədə tanınmamasıdır. Bu, cəmiyyət üçün ciddi bir ağrıdır. Artıq yalnız Türkiyənin tanıması kifayət etmir. Şimali Kipr Türk Cümhuriyyəti türk dünyasının digər ölkələri tərəfindən də tanınmaq və daha geniş beynəlxalq legitimlik qazanmaq istəyir.
Türk dünyasından olan ölkələrdən, əgər Azərbaycan kimi güclü və böyük bir dövlət, eləcə də Türkmənistan kimi bir ölkə tanıyacaq olsa, düşünürəm ki, bunun ardı da gələcək. Çox güman ki, digər dövlətlər də bunu gözləyirlər.
– Son olaraq əlavə etmək istədiyiniz bir məqam varmı?
– Burada olduğum üçün bir daha çox xoşbəxt olduğumu ifadə etmək istəyirəm. Əgər sürç-i lisan etdim və dilimdə hər hansı bir xəta oldusa, Şimali Kipr Türk Cümhuriyyətindən üzr istəyirəm. Dediyim kimi, mən o ölkədə qonağam. Orada yaşayan bir insan olaraq yalnız müşahidələrimi dilə gətirməyə çalışdım.

Söhbətləşdi: Aqil Ələsgər
Qələmə aldı: Nəsimi Ələsgərli













