“Ənsərullah” ABŞ-yə MEYDAN OXUYUR: “Vaşinqton husilərə qarşı sarsıdıcı zərbələr endirməyə davam edəcək”
“Husilərin ABŞ ilə razılaşma olsa belə, İsrailə zərbə endirmək niyyətində olduqlarını bəyan etmələri absurddur və məntiqsiz yanaşmadır. Çünki ABŞ İsrailin ən yaxın müttəfiqidir, onu Yaxın Şərqdə daim dəstəkləyir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi Yəməndə fəaliyyət göstərən “Ənsərullah” hərəkatının İsrailə zərbələri davam etdirəcəyi ilə bağlı yayımladığı bəyanata münasibət bildirib.
Xatırladaq ki, bundan bir neçə gün öncə ABŞ və İsrail hərbi hava qüvvələri husilərin nəzarətində olan hədəflərə avizərbələr endiriblər.
Prosesləri şərh edən analitik əmindir ki, əgər bu gün ABŞ husilərə zərbə endirirsə, bu birbaşa İsraillə bağlıdır:
“Yəni ABŞ husiləri dəstəkləmirsə və İsraillə strateji müttəfiq olmasaydı, o halda husilərlə bağlı bu qədər ciddi problem də yaşanmazdı. Ona görə də, əgər husilər İsrailə zərbə endirməkdə israrlıdırsa, bu, o deməkdir ki, husilərlə Amerika Birləşmiş Ştatları arasında hər hansı bir anlaşma ehtimalı yoxdur. Yəni belə bir razılaşmanın mümkün olmayacağı artıq indidən aydın görünür. Bu da onu göstərir ki, ABŞ öz müttəfiqləri ilə birlikdə husilərə qarşı sarsıdıcı zərbələr endirməyə davam edəcək və bu proses həmin hərbi-silahlı qruplaşmanın tamamilə sıradan çıxarılmasına qədər davam edə bilər. Nəticə etibarilə, husilərlə ABŞ arasında, ümumiyyətlə, anlaşma ehtimalı qalmayıb və onların tam neytrallaşdırılması daha inandırıcı görünür”.
Rafi Müslümov