!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərdoğanın əsas niyyəti Əfqanıstanda sabitliyin təmin olunmasıdır, amma...” – ŞƏRH

!Reklam – Yazi

“Türkiyə prezidentinin yanaşması bundan ibarətdir ki, geniş imkanlara malik olan müsəlman dövlətləri arasında həmrəylik gücləndirilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Əfqanıstan ərazisinin mütləq hissəsində hakimiyyəti ələ keçirən “Taliban”ın Türkiyə hərbi kontingentinin ölkədən çıxarılması tələbini və Ankaranın buna cavabını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, mövcud situasiyada istər Türkiyənin, istərsə də “Taliban”ın perspektiv addımlarını proqnozlaşdırmaq çətindir:

“Vaxtilə Əfqanıstana sülhməramlı kontingent göndərən ölkələr bu addımı NATO-nun müvafiq proqramı əsasında atmışdılar. Artıq Əfqanıstandakı beynəlxalq hərbi koalisiyanın əsas ölkələri – ABŞ, Böyük Britaniya və digər ölkələr öz qoşunlarını oradan çıxarıblar. Məncə, Türkiyə də öz hərbçilərini orada saxlamayacaq.

Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, xarici hərbi qüvvələr Əfqanıstanda uzun müddət qalmaq imkanında deyil. Məsələn, Sovet qoşunlarının Əfqanıstana qoşun yeritməsinin nəticəsini hamı gördü. O cümlədən, daha sonra Əfqanıstana daxil olan beynəlxalq koalisiya qüvvələri də artıq oranı tərk edirlər.

Bildiyiniz kimi, “Taliban” ölkə ərazisinin səksən faizinə nəzarəti ələ keçirdiyini iddia edir. Əgər “Taliban” öz hakimiyyətini rəsmiləşdirərsə, o halda hansı qüvvələrin ölkə ərazisində qalıb-qalmamasına məhz onlar qərar verəcəklər. Məntiq və beynəlxalq hüquq bunu deyir.

Xatırladım ki, Türkiyə Əfqanıstana müstəqil şəkildə deyil, NATO-nun proqramı əsasında qoşun göndərib və orada Kabul hava limanı ilə digər müəyyən ərazilərin mühafizəsi ilə məşğuldur. Ya “Taliban” bununla razılaşacaq, yaxud da əksini tələb edəcək. Bu baxımdan, Tütkiyənin Əfqanıstandakı qoşunlarını oradan çıxaracağı real görünür. Ola bilsin, bu istiqamətdə müzakirələr gedir.

Açığı, biz hələ Əfqanıstandakı proseslərin pərdəarxasını bilmirik. Açıqlanan cüzi informasiyaya, məntiqə, beynəlxalq hüquqa istinad edərək müəyyən fikirlərimizi ifadə edirik. Yəni bilmirik ki, NATO Əfqanıstanı hansı şərtlər əsasında tərk etdi, “Taliban” hakimiyyətə gələrsə, hansı addımları atacaq və sair.

Fikrimcə, NATO-nun Əfqanıstandakı Türkiyə qoşunlarının maliyyələşməsini üzərinə götürməsi inandırıcı deyil. Çünki həmin ölkələrin öz qoşunlarını Əfqanıstandan çıxarmalarının başlıca səbəbi sülhməramlı missiyanın kifayət qədər böyük vəsait hesabına başa gəlməsidir. Belə bir vəziyyətdə o dövlətlərin Türkiyə hərbi kontingentinə maliyyə ayırması inandırıcı deyil.

Hesab edirəm ki, Türkiyənin niyyəti müsəlman ölkəsi olan Əfqanıstanda müharibənin alovlanması deyil. Türkiyə prezidenti Ərdoğan İslam ölkələrinin həmrəyliyinin təmin olunmasına çalışan siyasi lider olaraq, niyyəti Əfqanıstanda sabitliyin təmin olunmasıdır. Onun yanaşması bundan ibarətdir ki, geniş imkanlara malik olan müsəlman dövlətləri arasında həmrəylik gücləndirilməlidir.

Digər tərəfdən, “Taliban” liderləri də bəyan ediblər ki, onlar qonşu dövlətlərlə mehriban münasibətlərə əsaslanan siyasət yürütməyə hazırdırlar. Ancaq onların hakimiyyətə gələcəkləri təqdirdə bu vədə əməl edib-etməyəcəkləri məlum deyil. Odur ki, bu mövzuda daha əminliklə danışmaq üçün proseslərin müəyyən nöqtəyə qədər inkişafını gözləmək lazım gəlir”.

A.Zeynalov

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv