“Ermənilərin Türkiyədə normal şəkildə yaşamalarına baxmayaraq, Qərb Ankaraya təzyiqləri onların üzərindən etmək niyyətindən əl çəkmir”.
Bu fikirləri Azərbaycanda erməni separatizminə birdəfəlik son qoyulmasından sonra Qərbin Türkiyəyə qarşı siyasətində “erməni amili”ni gücləndirmələri ehtimalını dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, “erməni kartı” ən azı son bir əsrdə Türkiyə əleyhinə fəaliyyətlərin əsasını təşkil edib:
“Həqiqətən də, on doqquzuncu əsrin əvvəllərindən başlayaraq, Qərb dövlətləri və Rusiya Türkiyə ilə Azərbaycana qarşı siyasətlərində ermənilərdən aktiv şəkildə istifadə edib. Konkret desək, ermənilər antitürk fəaliyyətin əsas “xammal”ı kimi istifadə olunub.
Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasını zəiflətmək üçün şirnikləndirilən ermənilər bununla özlərini böyük fəlakətə saldılar. Ancaq bu da onlara dərs olmadı və daha sonra Azərbaycana qarşı ayaqlanaraq Qafqazın bolşevik Rusiyası tərəfindən işğal edilməsinə səbəb olan düşmənçiliyə baş vurdular. Növbəti onilliklər boyunca ermənilərin türklərə düşmən münasibəti daha da dərinləşdi və bunun nəticəsində nələrin baş verdiyini hər kəs bilir.
Bəli, Azərbaycan 44 günlük Vətən müharibəsi və onun davamı sayılan antiterror tədbirləri sayəsində öz əraziləri uğrunda nəzarəti tamamilə bərpa edərək separatizmin kökünü kəsməklə “erməni amili”nin neytrallaşdırdı. Fikrimcə, ermənilər bundan sonra Azərbaycan əleyhinə fəaliyyəti ağıllarının ucundan da keçirməzlər.
Ancaq bu fonda Qərbin “erməni məsələsi” üzərindən Türkiyəyə basqıları artırması mümkün və inandırıcıdır. Ermənilərin Türkiyədə normal şəkildə yaşamalarına baxmayaraq, Qərb Ankaraya təzyiqləri onların üzərindən etmək niyyətindən əl çəkmir. Ancaq Türkiyə də güclü və dayanıqlı dövlət olaraq, mümkün basqıları dəf etmək üçün bütün imkanlara malikdir”.
A.Zeynalov
www.yenicag.az