İyun ayının 15-dən etibarən cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla müxtəlif təxribatlara əl atıblar. Nəticədə Azərbaycan Ordusu bir şəhid verib. Təbii olaraq, cavab tədbirləri görülüb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilib, 6 erməni hərbi qulluqçusu məhv edilib. Müdafiə Nazirliyi bu barədə bəyanat yayaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir və növbəti belə təxribatın qarşısı alınarkən iyunun 15-də ordumuz itki verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, çoxsaylı yaralıları var. Müdafiə Nazirliyi xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Məsələyə münasibət bildirən QALİB-in sədri, siyasi şərhçi Azər Verdiyev Ermənistan tərəfinin mütəmadi olaraq cəbhə xəttində təxribatlar törətdiyini dedi: “Bu vəziyyət ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır. O zaman Azərbaycan Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə qarşı düşmənin altı yaraqlısı məhv edilib. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi, Nalbandyanın məsuliyyətsiz bəyanatlar verməsi bu görüşlərin baş tutmamasının qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin müzakirəsindən yan keçmək məqsədi daşıyır.Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə qalacaqlar və artıq üzləşirlər. Ermənistan istəyir ki, Azərbaycanı hüquq pozuntularına gətirib çıxara biləcək addımlar atmağa təhrik etsin. Lakin Azərbaycan layiqli cavabını verir. Azərbaycanın həyata keçirdiyi cavab tədbirləri beynəlxalq hüquq çərçivəsindədir.Azərbaycanda ən yüksək səviyyədə də bəyan edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu ilə bərpa etsin, edəcək də. Bir daha qeyd edirəm ki, aprel hadisələri bütün ünyaya Azərbaycanın gücünü göstərdi. Görünən odur ki, Ermənistan Azərbaycana münaribədən başqa alternativ yol buraxmır. Biz hazırıq, onlar isə yox.”
www.yenicag.az