“Hərbi məğlubiyyəti labüd olan işğalçı ölkənin humanitar atəşkəsə riayət etməməsi artıq bizim yox, onun problemidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın ikinci dəfə əldə olunan humanitar atəşkəs rejimini də pozaraq, hərbi əməliyyatların davam edirilməsinə zəmin yaratmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov deyib.
Əlabbas Məhərrəmovun sözlərinə görə, işğalçı ölkə atəşkəs rejiminə məhəl qoymamaqla, özünün qəti məğlubiyyətini sürətləndirir:
“Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs rejimi haqda oktyabrın 11-də Moskvada əldə olunan sazişin razılaşdırılmasından heç bir saat keçməmiş ermənilər Gəncəni ballistik raketlə atəşə tutdular. Nəticədə çox sayda günahsız soydaşımız həlak oldu və yaralandı.
Ermənistanın bu xain hücumundan sonra əks-hücum əməliyyatlarını davam etdirən Azərbaycan Ordusu sözün tam mənasında düşməni darmadağın etməkdədir. Son bir həftə ərzində erməni işğalından azad edilən yaşayış məntəqələrimizin sayı və təmizlənən ərazilərimizin sahəsi döyüş meydanındakı vəziyyət barəsində tam təsəvvür yaradır.
O baxımdan, Azərbaycanın ikinci dəfə humanitar atəşkəsə razılıq verməsini ermənilər özləri üçün əvəzsiz şans hesab edərək, münaqişənin dinc vasitələrlə həllinə yönəlməliydilər. Lakin işğalçı ölkə növbəti dəfə öz xislətini göstərərək, Azərbaycanın bu humanizmindən sui-istifadəyə cəhd göstərdi.
Amma nəticə ortadadır, ermənilər Ordumuzun təzyiqi altında döyüş meydanından qaçırlar, işğal altındakı kənd və şəhərlərimiz bir-birinin ardınca azad edilir. Qaçan ermənilər ağır texnika bir yana, heç yüngül atıcı silahlarını da götürməyə imkan tapmırlar.
Birinci və ikinci humanitar atəşkəs anlaşmasının ermənilər tərəfindən pozulması göstərdi ki, onlarla yalnız güc dilində danışmaq lazımdır. Əslində, Ermənistan Azərbaycanın ona verdiyi bu şanslardan yararlanmamaqla, öz sonunu tezləşdirir və bu aqibət tezliklə gerçəkləşəcək”.
Aqil Bəkir
www.yenicag.az