!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan çətin seçim QARŞISINDA: “Bunun mümkün olması bir az çətin görünür”

!Reklam – Yazi

“Azərbaycanla Rusiya arasındakı münasibətlər hazırda yüksək səviyyədədir. Xüsusilə iki ölkə lideri arasındakı münasibətlərin yüksək səviyyədə olması hər kəsə bəllidir. Amma analoji münasibətlərin Ermənistanla Rusiya arasında olmasını söyləmək doğru olmaz. Ona görə ki iki ölkə arasında kifayət qədər problemlər mövcuddur”.

Bu sözləri ötən gün Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan liderləri arasında baş tutmayan görüşdən danışarkən siyasi təhlilçi Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında deyib.

O, sülh sazişi bağlanmasının uzaq ehtimal olduğunu bildirib:

“Çünki üçtərəfli görüş baş tutmadı və Rusiya tərəfindən verilən açıqlama ondan ibarət idi ki, bəziləri bununla razılaşmadılar. Bəziləri deyəndə də Ermənistan nəzərdə tutulurdu. Çünki İrəvan hesab edir ki, Moskvada üçtərəfli görüş baş tutsa, Ermənistan kifayət qədər arqumentləri ortaya qoya bilməyəcək. Xüsusilə də dəhliz məsələsində Rusiyanın təzyiqləri ilə rastlaşa bilər.

Azərbaycan tərəfi də əvvəlcədən bəyan etmişdi ki, rəsmi Bakının şərtləri konkretdir, aydındır və beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur. Azərbaycan heç bir platformadan imtina etmirdi, o zamana qədər ki, Qərb tərəfindən ölkəmizə qarşı qərəzli bəyanatlar verildi. Azərbaycan həm üçtərəfli görüşün, eyni zamanda, sülh danışıqları prosesinin regional müstəvidə aparılmasının tərəfdarı olduğunu bildirsə də, Ermənistan buna adekvat yanaşma sərgiləməyib.

O cümlədən, Azərbaycanın konstitusiya dəyişikliyi, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı tələblərinə Ermənistan qeyri-adekvat yanaşır. Təbii ki, burada Qərbin təzyiqləri mövcuddur. Əvvəllər Zəngəzur dəhlizinin açılmasını sülh sazişinə daxil etsə də, sonradan ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbləri prioritet olaraq saxlanıldı. Lakin Qərb tərəfindən olan təzyiqlər nəticəsində Ermənistan Azərbaycana qarşı məğlub dövlət olmasına baxmayaraq, şərtlər irəli sürdü və Zəngəzur dəhlizinin açılması ilə İranın yanaşması necədirsə, İrəvanın da yanaşmasının eyni cür olduğunu Nikol Paşinyan dilə gətirdi”.

Onun fikrincə, bu, İrəvanın, birmənalı olaraq, dəhliz statusundan imtina edilməsi anlamına gəlir:

“Çünki burada Qərbin “sülh qovşağı” layihəsi mövcuddur ki, bu da heç bir halda Azərbaycanın maraqlarına uyğun gəlmir. Bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh sazişini imzalamamaq üçün imitasiya xarakterli görüşləri davam etdirəcək. Qərb tərəfindən isə Azərbaycana təzyiqlər olub ki, yalnız Ermənistanın şərtləri daxilində sülh sazişi imzalansın, yəni məğlub dövlətin şərtlər irəli sürməsi anormal durumdur. Ona görə də, mənə elə gəlir ki, İrəvan şərtlərimizi qəbul etməyənə yekun sülh sazişi imzalanmayacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv