Ermənistanın “Vətəndaş Müqaviləsi” (VM) partiyası daxilində Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə dəstək məsələsi ciddi müzakirə mövzusuna çevrilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, ilin əvvəlində hökumət Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlanması ilə bağlı qanun layihəsinə razılıq verib. Layihə Aram Sarkisyan, Arman Babacanyan, Tiqran Xzmalyan kimi Qərbyönümlü siyasətçilərin təşəbbüsü ilə keçirilən imzatoplama kampaniyasının nəticəsi olaraq təqdim edilib. Avropa üzvlüyü layihəsi artıq parlamentə göndərilib və cari iclasların gündəliyinə daxil ediləcəyi gözlənilirdi. Lakin məlumatlara görə, hakimiyyət layihənin müəllifləri ilə danışıqlar aparır, onu “özəlləşdirərək” Rusiyaya qarşı əhval-ruhiyyəsi olan elektoratın dəstəyini qazanmaq və seçkilər öncəsi siyasi divident əldə etmək niyyətindədir.
Yanvarın 23-də parlamentdə layihə ilə bağlı dinləmələr keçiriləcək, daha sonra növbəti iclasların gündəliyinə daxil ediləcəyi ehtimal olunur. Hakim partiya üzvləri isə baş nazir Nikol Paşinyanın daxili müzakirələrdən sonra tamamilə əks qərar qəbul etməsinə təəccüblənir. Paşinyan bəyan edib ki, Ermənistan hökuməti Avropa üzvlüyü layihəsinə mütləq dəstək verməlidir.
Xatırladaq ki, ötən il boyunca Nikol Paşinyan və hökumət üzvləri Aİ və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsini müxtəlif aspektlərdən, xüsusən də iqtisadi və təhlükəsizlik baxımından geniş müzakirə edirdilər. Hətta hakim partiyanın bəzi Qərbyönümlü deputatları Paşinyanı belə bir dəyişiklik etməmək barədə xəbərdar edirdi. Çünki Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyadan asılıdır və geopolitik vektorun dəyişdirilməsi ağır nəticələrə səbəb ola bilərdi.
İndi isə hökumət Avropa İttifaqına inteqrasiya ilə bağlı layihəni. demək olar ki, hər gün Qərbyönümlü ekspertlər və layihənin müəllifləri ilə müzakirə edir. Plan ondan ibarətdir ki, qanun layihəsi artıq Qərbyönümlü platformanın deyil, birbaşa Nikol Paşinyan hökumətinin təşəbbüsü kimi təqdim olunsun.
Qeyd etmək lazımdır ki, qanun layihəsinin qəbul edilməsi Ermənistanın Aİ-yə üzv olacağı anlamına gəlmir. Bu, yalnız üzvlük prosesinə başlanmasına dair razılıqdır. Əlavə olaraq, Ermənistanın Avropa İttifaqına tam üzv olması uzun illər və hətta onilliklər çəkə bilər. Gürcüstanın nümunəsi bu baxımdan diqqətəlayiqdir: 2006-cı ildən Aİ-yə üzvlük prosesi başlamasına baxmayaraq, Gürcüstan hələ də Aİ-yə tam üzv deyil və yalnız viza rejiminin liberallaşdırılması ilə nəticələnən məhdud nailiyyətlər əldə edib.
Siyasətçi Tiqran Xzmalyan isə Avropa üzvlüyü layihəsinin müəlliflərindən biri, layihənin adının dəyişdirilməməsinin onlar üçün prinsipial olduğunu bildirib. “Əgər layihəni əhəmiyyətli dərəcədə dəyişdirsələr, biz buna dözməyəcəyik və hakimiyyətin hər addımına qarşı çıxacağıq,” – deyə Xzmalyan qeyd edib.
Hökumətin bu layihəni parlamentin gündəliyinə çıxaracağı və cəmiyyətdə müzakirələrə səbəb olacağı gözlənilir. Aİ-yə üzvlük təşəbbüsü Ermənistan üçün həm daxili, həm də beynəlxalq siyasətdə ciddi bir dönüş nöqtəsi ola bilər.
Rafi Müslümov
www.yenicag.az