Rusiyanı ayaqda saxlayanlar: daha ciddi ADDIMLAR GÖZLƏNİLİR - ŞƏRH
“Son iki ildə Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq siyasətinə əsasən Çin, Hindistan və Türkiyə kimi ölkələr ən böyük maneə sayılır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, hazırda Rusiyanın enerji bazarına çıxışının məhdudlaşdırılması ilə bağlı cəhdlərin əsas məqsədi rəsmi Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmə imkanlarının qarşısını almaqdır:
“Hazırda əldə olunan gəlirlərin böyük hissəsi müharibənin maliyyələşdirilməsinə istifadə olunursa, Rusiya işğalçılıq siyasətini davam etdirirsə və razılıq yoxdursa, alternativ yol sözügedən ölkənin gəlir mənbələrinin qarşısını almaqdır. Türkiyə, Çin və Hindistan kimi dövlətlər Rusiyadan alışı artırmaqla bu təşəbbüsə qarşı çıxırlar. Görünən odur ki, yaxın dövrdə daha ciddi addımlar atılacaq. Baxmayaraq ki, bir müddət əvvəl Hindistan Rusiya neftini almaqda israrlı idisə, artıq tədricən onlar da razılığa gəlirlər. İndiki məqamda Çin də bənzər mesajlar ötürməkdədir. Çin və Hindistan təxminən Rusiyanın neft satışından əldə etdiyi gəlirin 40-45 faizini formalaşdırır”.
Ekspert rus neftindən imtinanın rəsmi Moskva üçün hansı çətinlikləri yaradacağını da açıqlayıb:
“Sözügedən məsələ, ilk növbədə, Rusiyada tədiyyə balansının pozulmasına gətirib çıxaracaq. Rublun dəyərsizləşmə ehtimalı daha da güclənəcək. Yığımların xərclənməsi istiqamətində tempin artması orta və uzunmüddətli dövrdə büdcə kəsirinin yüksəlməsinə səbəb olacaq. Nəticə etibarilə, Rusiya hərbi məqsədlərə maliyyə ayırmaq imkanlarını da itirəcək. İnflyasiyanın artması sosial layihələrə ayrılan vəsaitin azalmasına gətirib çıxaracaq ki, bu da ölkədə narazılığın və hakimiyyətə qarşı fikirlərin çoxalması üçün münbit şərait yaradacaq”.
Məlik Məlikov












