Kiprdə federasiya qurulması GÜNDƏMƏ GƏLİR: Ağır danışıqlar GÖZLƏNİLİR
Uzun müddətdir türk dünyasının gözlədiyi Ş. Kiprdə keçirilən prezident seçkiləri müxalifət lideri Tufan Erhurman qalib gəlməsi ilə nəticələndi. Yeni prezident xələfinin siyasi xətti ilə davam edəcək yoxsa Türkiyə ilə ziddiyyətli münasibətlər quracaq? Yeni prezidentin seçki platforması, seçki vədləri nədən ibarət idi?

Bu sualları Yenicag.az-a siyasi ekspert Abutalıb Səmədov cavablandırıb:
“Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində müxalifət lideri Erhurman qalib gəldi. Baxmayaraq ki, Türkiyə hakimiyyəti hazırkı prezidenti müdafiə edirdi və istəyirdi ki, o qalib gəlsin amma müxalifət böyük səs çoxluğu ilə prezident seçkilərini qazandı. Bundan sonra Türkiyə prezidenti Ərdoğan qalib gələn prezidenti təbrik edib, əməkdaşlığı bundan sonra da davam etdirmək istədiyini bildirdi. Seçkilərin nəticəsi nəyi dəyişəcək? Türkiyə ilə ziddiyyətə getmək Ş. Kipr üçün ciddi problemlər yarada bilər. Ona görə ki, bu ölkə həm maliyyə həm də təhlükəsizlik baxımından əsasən Türkiyənin hesabına ayaqda durur. Buna görə də, onun Türkiyə ilə münasibətləri qorumağa çalışacağı şübhə doğurmur”.
Siyasi ekspert qeyd edib ki, yeni prezidentin seçki platformasında ən önəmli məsələ yunan və türk kiprlilərin ortaq federasiya qurmasıdır:
“Məlumdur ki, Türkiyə iki dövlət modelini müdafiə edir. Yeni seçilmiş prezident isə federativ dövlət yaratmaq planlarını elan edib, bu da müəyyən qədər yunan Kiprini qane edir və danışıqlara başlamaq təklifi hər iki tərəfdən gəlib. Bu danışıqların arzulanan nəticəni vermək ehtimalı o qədər də yüksək deyil. Çünki, danışıqların gedişində yunan tərəfinin türk icmasını mümkün qədər özündən asılı vəziyyətə salmaq, onlara mümkün qədər az səlahiyyət vermək istəyi ola bilər. Bunu da yeni seçilmiş prezidentin qəbul etməsi mümkün olmaya bilər. Ona görə ki, onun seçkiqabağı platformasının əsas şüarı yunan və türk icmalarının bərabər hüquqluluğu əsasında federasiya yaratmaqdır. Bunu yunan tərəf qəbul edəcəkmi və ya türk icması qəbul edəcəkmi, məlum deyil. Çox ağır danışıqlar gözlənilir. Bir tərəfdən isə Şimali Kipr Türk Cümhuriyyətində əhalinin iqtisadi durumu yunan Kipri ilə müqayisədə çox aşağıdır və bu da seçkilərin nəticəsinə böyük təsir göstərdi və müxalifət namizəd böyük üstünlüklə qalib gəldi”.
Nurlan Cəfəri












