Tramp - Putin görüşünün baş tutmamasının PƏRDƏARXASI - ŞƏRH
“Bəzi problemlər həll edilmədən Budapeşt görüşünün keçirilməsi absurddur”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi, politoloq Kazım Kazımov bildirib.
Politoloq Tramp və Putin arasında planlaşdırılan Budapeşt görüşünün təxirə salınmasının səbəblərindən danışıb:
“ABŞ və Rusiya prezidentlərinin görüşündə sadəcə Ukrayna məsələsinin müzakirəsini gözləmək absurd olar. Bu gün görüşün mərkəzində Ukrayna dayansa da tərəflər geosiyasi məsələləri də müzakirə edirlər, Şərqi Avropanın, Baltik ölkələrinin təhlükəsizliyini, NATO-nun şərqə yayılması və digər ölkələrlə əlaqələrini də gündəmə gətirirlər. Məsələlərin episentrində məhz Ukrayna dayanır. Hesab edirəm ki, Ukrayna məsələsində irəliləyiş əldə edilmədən görüş baş tuta bilməz. Bəs nədir bu irəliləyiş? Rusiyanın və Ukraynanın tələbləri maksimalistdir. Burda Ukraynanı başa düşmək daha asandır. Çünki, onlar torpaqlarını itirən, hücuma məruz qalan tərəfdir. Rusiya isə hesab edir ki, onlar onminlərlə əsgərin qanı bahasına bu torpaqları ələ keçirərək həmin torpaqlarda qalmalıdır və Ukraynanın qərbə yönəlməsinin önünü kəsməlidir. Bu isə doğru tələb deyil. Ona görə də Ukrayna Krım da daxil olmaqla ərazilərin azad edilməsinə çalışır. Rusiya eyni zamanda bütün sanksiyaların ləğv edilməsi üçün addımlar atır”.
Politoloq hesab edir ki, Tramp bu danışıqlarda tərəf olmaqdan yayınmağa çalışır:
“Tramp isə bu məsələlərdə orta yolu tutmağa çalışır və bildirir ki, ola bilər Rusiya müəyyən dərəcədə torpaq məsələsində güzəştə getsin, eləcə də Ukrayna 2014-ə qayıtmaq hədəfindən daşınsın. Digər tərəfdən isə Ukraynanın yenidən inkişaf etməsi üçün pul ayrılsın. Rusiyanın beynəlxalq sistemdən tamamilə tədric etməmək üçün sanksiyalar pilləli şəkildə ləğv edilsin. Burda geosiyasi maraqlar məsələsi də gündəmə gəlir. Rusiyanın beynəlxalq siyasətdə Ukraynaya güzəştdən sonra geosiyasi rolunun azaldılması istəyi də ola bilər. Budapeşt görüşü ərəfəsində bu məsələlərin heç birində razılıq əldə edilmədiyi üçün bu görüş təxirə salındı. Düşünürəm ki, hələ də bağlı qapılar arxasında danışıqlar davam edir. Ola bilsin ki, yenə Budapeştdə, və ya ikinci bir Alyaska zirvəsində ya da başqa bir yerdə biz bu görüşün təkrarlana biləcəyini görərik. Burda əsas məsələ beynəlxalq nizamın pozulmamasına gətirib çıxaran danışıqlar əldə edilməli və Rusiya – Ukrayna müharibəsi bir an öncə dayandırılmalıdır. Bu müharibə hər gün hər iki tərəfdən yüzlərlə insanın ölümünə yol açır.”
Nurlan Cəfəri












