Ermənistan mövqeyini yumşaldır – Zəngəzur dəhlizi ilə bağlı yeni dönəm
“Zəngəzur dəhlizi və ya keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair məsələlərdə Ermənistan əvvəlki sərt mövqeyindən uzaqlaşaraq yumşalma nümayiş etdirir. Bu, bizim maraqlarımıza uyğundur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı deyib.
O, Ermənistanın Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün son dövrlər atdığı müsbət addımların pərdəarxası amillərindən danışıb.
Politoloq bildirib ki, Ermənistan hazırda Azərbaycan maraqlarına uyğun siyasət apamağa məcburdur, çünki çıxış yolu yoxdur:
“Cənubi Qafqazda sülh və sabitlik olacaqsa, bunu yalnız region ölkələri təmin edə bilər. Ermənistan da bu şəraitə uyğun hərəkət etməyə məcburdur. Qısacası, Ermənistan Azərbaycan maraqları istiqamətində addım atmağa məhkumdur. Əsas səbəb Azərbaycanın irəli sürdüyü və sərgilədiyi yanaşmanın haqlı və beynəlxalq səviyyədə dəstəklənmiş olmasıdır. Ermənistan müəyyən məsələlərdə Azərbaycanın dediklərini qəbul etməyə məcburdur. Çünki bölgədə həm Türkiyənin, həm Azərbaycanın, həm də digər region dövlətlərinin maraqları nəzərə alınmalıdır. Əks halda Ermənistan dövlətçiliyi təhlükə altına düşə bilər”.
Onun sözlərinə görə, əgər Ermənistan revanşist meyllərlə hərəkət etsə, onun üçün ciddi nəticələr qaçınılmazdır.
“Gələcəkdə Azərbaycan, Türkiyə və digər dövlətlər də buna qarşı müəyyən tədbirlər görə bilər. Zəngəzur dəhlizi və ya keçmiş Minsk qrupunun fəaliyyətinə dair məsələlərdə Ermənistan əvvəlki sərt mövqeyindən uzaqlaşaraq yumşalma nümayiş etdirir. Bu, bizim maraqlarımıza uyğundur. Çünki əsas istəyimiz bölgədə sabitlik və davamlı sülhün bərqərar olunmasıdır. Ümid edirik ki, Ermənistanla sülh prosesi bölgədə əmin-amanlığın yaranması ilə nəticələnəcək”.
Nəsimi Ələsgərli