Ermənistanda baş qaldıran revanşizm: "Azərbaycanla yenidən müharibə dili ilə danışmaq mümkün deyil"
“Paşinyan verdiyi vədlərə sadiq qalmağı bacarmalıdır. Zidd mövqe ortaya qoymaq, bir-birini inkar edən fikirlər səsləndirmək mümkün deyil artıq”.
Bunu Ermənistandakı daxili gərginliyin sülh prosesinə təsirindən danışandeputat Jalə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.
J. Əliyeva bildirib ki, Ermənistanda revanşist qüvvələrin davamlı şəkildə baş qaldırdığının, öz məqsədləri naminə cəmiyyət daxilində təşviş yaratmağa çalışdıqlarının şahidi oluruq:
“Onlar insanları yanlış informasiyalarla çaşdıraraq yeni müharibələrə sürükləmək niyyəti güdürlər. Paşinyanın mövqeyi son dövrlərdə kifayət qədər konstruktiv xarakter daşıyır. Xüsusilə ABŞ-də keçirilən görüşlərdən və növbəti danışıqlardan sonra səsləndirilən fikirlər Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atdığını deməyə əsas verir.
Paşinyan verdiyi vədlərə sadiq qalmağı bacarmalıdır. Zidd mövqe ortaya qoymaq, bir-birini inkar edən fikirlər səsləndirmək mümkün deyil artıq. Çünki yolun sonuna gəlinib.
Azərbaycanın Ermənistan qarşısında dönməz mövqeyi, sarsılmaz iradəsi, dəmir biləyi və dəmir yumruğu var. Azərbaycanla yenidən müharibə dili ilə danışmaq mümkün deyil. Paşinyan ölkə rəhbəri kimi bunu bilməli və dərk etməlidir. Azərbaycanla təhdid dili ilə danışmağın Ermənistan da daxil olmaqla, heç bir ölkəyə fayda verməyəcəyini artıq anlamış olmalıdırlar.
Azərbaycan 30–40 il əvvəlki Azərbaycan deyil. Bu gün biz qururuq, yaradırıq. Yalnız öz ölkəmiz üçün deyil, bütövlükdə region və dünyaya sülh, barış və əmin-amanlıq istəyirik.
Bu baxımdan, təhdidlər, yeni müharibə ocaqları yaratmaq cəhdləri, hətta bu yöndə düşüncələrin özü belə olduqca əsassız və zərərli yanaşmadır. Belə hallarda uduzan tərəf məhz həmin ideyaları irəli sürənlər olur. Azərbaycan bundan sonra heç bir zaman müharibə ilə qorxudula bilməz. Azərbaycan yenilməzdir. Azərbaycan regionun lider ölkəsidir və dünyada durmadan artan nüfuzu, mövqeyi və çəkisi günbəgün daha da möhkəmlənir. Bu da ölkəmizə olan hörmət və ehtiramı getdikcə artırır”.
Nəsimi Ələsgərli












