Ermənistanda fabrik mühafizəçisini öldürdüyü iddiası ilə 20 il azadlıqdan məhrum edilən azərbaycanlı hərbçi Hüseyn Axundovun ömürlük həbs olunması istənilir.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Zəngəzur mis-molibden zavodunun mühafizəçisi Ayrapet Meliksetyanın qohumları Axundova ömürlük həbs cəzası tələbi ilə hökmdən apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin və Axundov Hüseyn (2003-cü il təvəllüdlü) aprelin 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Şahbuz rayonu ərazisində mənfi hava şəraitində görmə qabiliyyətinin məhdudlaşması səbəbindən itkin düşüblər. Onları Ermənistan tərəfi “bir qrup şəxslə əvvəlcədən razılaşdırılaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah və sursat daşımaqda” ittiham edib. Bəbirov Ermənistan məhkəməsi tərəfindən 11,5 il, Hüseyn Axundov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
www.yenicag.az