Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə də etiraz aksiyaları başlanıb.
Təhsil müəssisələrində keçirilən aksiyalar zamanı gənclər vətəndaşları Ermənistan hökumətinin istefasının tələb edildiyi ümumi tətilə qoşulmağa çağırırlar.
Hökumət əleyhinə nümayişlər çərçivəsində, həmçinin, Göyçənin mərkəzi Kəvərdən keçən Göyçə-Ağdərə yolu bağlanıb.
Eyni zamanda, erməni həkimlər İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşmək və tələblərini təqdim etmək üçün komitənin binasına daxil olublar. Danışıqların nəticələri hələ ki məlum deyil.
Hökumət əleyhinə etiraz aksiyalarının iştirakçıları Ermənistan paytaxtının mərkəzində də küçələri bağlamağa davam edirlər.
Ermənistan müxalifəti Milli Komitəsindən verilən məlumata görə, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 350 nəfər saxlanılıb.
“İrəvan küçələrində etiraz aksiyaları davam edir. İlkin məlumatlara görə, 350 nəfər saxlanılıb”, – deyə komitədən bildirilib.
www.yenicag.az