Ermənistanda Seçki Gərginliyi: Beynəlxalq siyasi komponentlərin Ermənistana TƏSİRİ

media-hightechnic-468x90

 

“Ermənistanın qarşısında olduqca ciddi siyasi gərginliklərin və qarşıdurmaların olacağını proqnozlaşdırmaq mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

media-16420872043295349638_1200x630

O, Ermənistanın baş naziri Nikol Paşinyanın daxildəki təmizlik siyasətinə münasibət bildirib.

“Qarşıdan gələn 2026-cı ilin payızında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. İndidən proqnozlaşdırmaq olar ki, bu seçkilər Paşinyan üçün nə rahat, nə də sakit keçəcək. Paşinyan artıq indidən həmin seçkilərə hazırlıq mərhələsinə başlayıb. Əsas hədəflərindən biri isə açıq şəkildə Erməni Apostol Kilsəsidir. Bu kilsəyə verdiyi dəstəyə görə tanınmış erməni biznesmeni Samvel Karapetyan da Paşinyanın göstərişi ilə həbs olunub. Ermənistandakı elektrik şəbəkələri Karapetyanın nəzarətində olan şirkət tərəfindən idarə olunurdu. Artıq bu sistemin milliləşdirilməsi ideyası da Paşinyan tərəfindən irəli sürülür.

Politoloq qeyd edib ki, sözün əsl mənasında Paşinyan artıq rəqib hesab etdiyi fiqurlara qarşı “səlib yürüşünə” başlayıb.

Ermənistan cəmiyyətində belə bir rəy formalaşır ki, Paşinyan özünü artıq bir diktator kimi aparır. Məsələn, erməni deputatlarından biri Fransa prezidenti Emmanuel Makronu Paşinyana dəstək verdiyinə görə sərt şəkildə tənqid edərək bildirib ki, Fransa Ermənistandakı diktaturanı dəstəkləyir. Bütün bunlar göstərir ki, Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə artıq aktiv fazaya keçib. Cəmiyyətdə belə bir fikir yayılıb ki, artıq ölkədə nə cinayət, nə də cinayət-prosessual məcəllə işləyir.

Mirbəşiroğlu, Paşinyanın sosial şəbəkələrdə paylaşdığı statusların ciddi rezonans doğurduğunu və ölkənin hüquq-mühafizə orqanlarının bu statuslara uyğun hərəkət etdiyini vurğulayıb.

Paşinyanın sosial şəbəkələrdə paylaşdığı statuslar isə böyük rezonans doğurur və təzyiq vasitəsinə çevrilib. Hüquq-mühafizə orqanları da bu statuslara uyğun hərəkət edir. Paşinyan eyni zamanda kilsə rəhbərliyinin dəyişdirilməsi məsələsində dövlətin rolunun artırılmasını vacib sayır. O hesab edir ki, bu gün qarşısında duran əsas rəqib Erməni Apostol Kilsəsidir və gələcəkdə həmin quruma da öz adamlarını yerləşdirə bilər. Bu isə Ermənistan daxilində siyasi gərginliyi daha da artıracaq.

Lakin məsələ təkcə kilsə ilə məhdudlaşmır. Yəni buz dağının hələ görünən hissəsidir. Paşinyanın sələfləri, həm elektorat, həm də maliyyə resurslarına sahib qüvvələr seçkilər yaxınlaşdıqca öz ətrafları ilə birlikdə baş nazirə qarşı fəaliyyətə başlayıblar. Xüsusilədə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın aktivliyini aydın şəkildə müşahidə etmək olar. Onun oğlu da artıq siyasi səhnədə yer alıb.

Mirbəşiroğlu, xarici güclərin də Ermənistandakı hakimiyyət dəyişikliyində maraqlı olduğunu qeyd edərək, Paşinyanın hazırda güclü təzyiq altında olduğunu bildirib.

Sözsüz ki, Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olan xarici dairələr də var. Bu baxımdan düşünürəm ki, Paşinyan hazırda isterik vəziyyətdədir və hakimiyyətinə real təhlükə hiss edir.

Keşişlərin, o cümlədən Ermənistanın Apostol Kilsəsinin rəhbərinin saxlanılması göstərir ki, Paşinyan təkcə siyasi deyil, dini təsisatlara da təzyiqi artırır. Bu isə həm kilsə tərəfdarlarının, həm də tanınmış iş adamı Samvel Karapetyanın tərəfdarlarının fəallığını artıracaq və Paşinyana qarşı müqaviməti gücləndirəcək.

Ona ciddi dəstək verən əsas qüvvələr Fransa, ABŞ-nin Ermənistandakı böyük səfirliyi və Avropa siyasi dairələridir. Qarşıdan gələn seçkilərin təkcə Ermənistan cəmiyyətinin seçimi olmayacağı, eyni zamanda beynəlxalq siyasi komponentlərin də prosesə təsir edəcəyi gözlənilir. Bu da seçki mühitini daha da gərginləşdirəcək və hətta qarşıdurmalara belə səbəb olacaq.

Elşad Mirbəşiroğlu, Paşinyanın inzibati resurslardan istifadə edərək rəqiblərini sıxışdırmağa çalışacağını, lakin qarşı tərəfin də buna cavab olaraq öz resurslarını işə salacağını bildirib.

Hazırda Paşinyan inzibati resurslardan istifadə etməklə hüquq-mühafizə orqanları vasitəsilə potensial rəqiblərini sıradan çıxarmağa çalışır və bu istiqamətdə ardıcıl addımlar atır. Lakin qarşı tərəf də həm elektoral, həm maliyyə resurslarına arxalanaraq cavab reaksiyası verəcək.

Bir sözlə, Ermənistanın qarşısında olduqca ciddi siyasi gərginliklərin və qarşıdurmaların olacağını proqnozlaşdırmaq mümkündür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600