!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanı ayıltmalı olan QƏTİ XƏBƏRDARLIQ: Azərbaycanlıların Göyçə və Zəngəzura qayıdışı nə vaxt başlayır?

!Reklam – Yazi

Prezident İlham Əliyevin dünən Laçın və Kəlbəcər rayonlarına səfəri dövlət başçısının bir neçə gün əvvəl CNN Türk telekanalına müsahibəsində səsləndirdiyi fikirlərin praktik təsdiqi kimi qiymətləndirilə bilər. Dövlət başçısı qeyd olunan rayonlara səfəri zamanı da 44 günlük müharibədən sonra yaranmış yeni reallığı dəyərləndirdi və növbəti dəfə çox mühüm mesajlar verdi.

Əlbəttə, burada ilk növbədə Azərbaycan liderinin uzunmüddətli işğaldan sonra azad edilmiş Laçın və Kəlbəcərə məhz indi – Qarabağda ermənilərin hərbi təxribatlarının artması, o cümlədən, Rusiya sülhməramlı kontingentinin yaratdığı şəraitdə separatçılara silah-sursat göndərilməsinin intensivləşdiyi günlərdə səfər etməsi Bakının mövcud vəziyyətə hakim olmasının özünəməxsus nümayişidir.

Prezident səsləndirdiyi fikirlərdə sözügedən rayonların 10 noyabr üçtərəfli bəyanatından sonra, hərbi əməliyyatlar aparılmadan və itki verilmədən azad edilməsini vurğulasa da, burada çox mühüm məqamı da hər kəsə xatırlatdı.

O məqam 44 günlük müharibənin elə ilk günlərində Kəlbəcər istiqamətində uğurlu əməliyyatların keçirilməsi və bunun nəticəsində Murovdağ silsiləsindəki son dərəcə strateji yüksəkliklərin düşməndən təmizlənməsi idi. Bu uğurun sayəsində ermənilərin son illərdə istifadəyə verdikləri Basarkeçər-Kəlbəcər yolundan yararlanmalarının qarşısı tamamilə alındı.

Dövlət başçısı Azərbaycanın möhtəşəm zəfərinə diqqəti yönəldərək işğalçı Ermənistanın darmadağın edildiyini, erməni faşizminin başının əzildiyini və şəhidlərimizin qanının alındığını bir daha bütün dünyaya bəyan etdi. İlham Əliyev işğaldan azad edilmiş ərazilərə qayıdışımızın əbədi olduğunu ən qəti formada ifadə etdi.

Sözsüz ki, prezidentin bu fikrini himayəsində olduğu dövlətlərin arası kəsilməyən təhrikçiliyi ilə revanşist mövqe tutan Ermənistandakı yeni reallığın dəyişə biləcəyi xülyasına düşənlərə xəbərdarlığı da adlandırmaq olar. Çünki göründüyü qədər, cəmi 9 ay əvvələ təsadüf edən darmadağından nəticə çıxarmayan Ermənistan bölgədə gərginliyi artırmaq xəttini seçərək, müharibənin yenidən alovlanması üçün təxribatçı cəhdlərini artırmaqdadır.

Lakin Azərbaycan Ordusu 44 günlük müharibədə yaşadığı aqibəti fəallaşmağa çalışan düşmənə hər addımda xatırladaraq, onun əl atdığı bütün təxribatların qarşısını qətiyyətlə alır, buna adekvat cavab verir. Prezidentin də qeyd etdiyi kimi, ermənilərin müharibəyə qədər özlərinin “məğlubedilməzliyi” haqda formalaşdırmağa çalışdıqları mif sabun köpüyü kimi bir anda yoxa çıxdı. Müharibənin davam etdiyi 44 gün ərzində Ermənistan ordusundan 10 mindən çox hərbçinin fərarilik etməsi erməni əsgərinin mənəvi-psixoloji durumunun sıfırdan da aşağı səviyyədə olduğunu göstərdi.

Həm də bu fikirlər tək sıravi erməni əsgərlərinə aid deyil. Həmçinin Ermənistan ordusunun generalitetinə daxil olan, işğal dönəmində özlərini hərb sənətinin “ustası” sayan “sərkərdələr” Azərbaycan ordusunun zərbələri qarşısında davam gətirməyərək, səngərləri əsgərlərdən də öncə tərk edərək, canlarını güclə qurtardılar. O baxımdan, bu fərari generalların yenə də savaşdan danışmaları poqonlu təlxəklərin şousundan başqa bir şey deyil.

Dövlət başçısının öz çıxışında vurğuladığı daha bir mühüm detal ermənipərəst dairələrin son 20-25 ildə beynəlxalq ictimai rəydə “azərbaycanlılar döyüşə bilmir” kimi təsəvvürünün yaradılması cəhdi haqda oldu. Ancaq 44 günlük müharibənin nəticəsi kimin kim olduğunu hər kəsə göstərdi. Bir tərəfdə Vətən uğrunda canından keçən, son damla qanına kimi döyüşərək qalib gələn müzəffər Azərbaycan əsgəri, digər tərəfdə isə tam sürətlə geriyə qaçan erməni əsgər-generalları…

Prezident İlham Əliyev Azərbaycanın tarixi torpaqları və yaxın keçmişdə erməniləşdirilən toponimlər haqda da geniş danışıb. Dövlət başçısı bu sırada Göyçə və Zəngəzuru xüsusi qeyd edərək, həmin ərazilərdən qovulmuş soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdış haqqının olduğunu bildirib. Onun “Biz bunu sonrakı mərhələyə saxlayırıq” fikri isə Azərbaycanın uzaqmənzilli planlarının epizodik anonsudur.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

983
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv