“Hazırda Ermənistan qaya ilə sərt yer arasında qalıb. Rusiya ilə ticarət əlaqələrinin getdikcə artmasına baxmayaraq, İrəvan artıq keçmiş müttəfiqindən militarist dəstək almır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.
Siyasi təhlilçi Ermənistanın 2025-ci il büdcəsində hərbi xərclərini artırması fonunda Azərbaycanla sülh müqaviləsi məsələsində İrəvanın apardığı siyasəti analiz edib.
N. Uotsonun fikrincə, onun digər əsas müttəfiqi olan İran anlaşılan şəkildə İsraillə müharibədən yayınır:
“Ermənistan ordusunu yeniləməyə çox ehtiyac duyur və bunu müttəfiqi Hindistandan alır. Çünki Fransadan vəd edilən silahlar minimaldır. Ermənistanın bu mühüm məqamda öz arsenalını genişləndirməsi Azərbaycan və onun tərəfdarları üçün qızışdırıcı amil kimi qiymətləndirilir.
Bundan əlavə, İrəvanın analoji hərəkətləri COP29-dan əvvəl və ya sonra hər hansı sülh sazişinin imzalanacağını getdikcə çətinləşdirir. Bu, həm də Paşinyanın öz əhalisini və diasporunu sülh müqaviləsinin zəruriliyinə inandıra bilmədiyini nümayiş etdirir”.
Xatırladaq ki, Ermənistan hökuməti 2025-ci ildə ÜDM-in 6%-ni müdafiə sahəsinə ayıracağını bəyan edib ki, bu da 1,7 milyard dollardan çox olacaq.
Parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Vahe Avanisyan bildirib ki, müdafiə sektorunun xərcləri 664,7 milyard dram təşkil edəcək. Bu da 2024-cü ilin xərclərindən 20% çoxdur.
Rafi Müslümov
www.yenicag.az