Tarixi saxtakarlıq geosiyasi alət rolunda: İsrailin qərarı nəyə xidmət edir? – ŞƏRH

media-hightechnic-468x90

“Osmanlı Türkiyəsində heç bir mərkəzləşdirilmiş plan olmayıb.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

Politoloq İsrail parlamentinin qondarma “erməni soyqırımı”nı yekdilliklə qəbul etməsi haqqında danışıb.

Uzaq tarixə nəzər salan E. Mirbəşiroğlu ilk növbədə “erməni soyqırımı”nın saxta keçmişindən söz açıb:

“İsrail hökuməti tərəfindən saxta erməni soyqırımının rəsmi tanınması qaçılmaz olaraq həm Azərbaycan ictimai-siyasi fikrində, həm də Türkiyədə mənfi reaksiya doğurmaqdadır. Ələlxüsus da regionda cərəyan edən pozitiv tarixi proseslər fonunda belə bir addım bütün region üçün zərərlidir. Məhz hazırkı mərhələdə saxta erməni soyqırımının rəsmi olaraq tanınması bu addımın konkret siyasi məqsədlər üçün atıldığına heç bir şübhə yeri qoymur. Çünki təkcə maraqlı ölkələrdə deyil, bütün dünyada çox yaxşı məlumatlılıq mövcuddur ki, saxta erməni soyqırımı siyasi məqsədlər və manipulyasiyalar üçün istifadə olunmaqdadır. Müvafiq olaraq, Osmanlı İmperiyasında 1915-ci il hadisələri məqsədli olaraq müasir beynəlxalq münasibətlər sisteminin ən siyasiləşmiş məsələlərindən birinə çevrilmişdir. Tarixi sənədlər aydın göstərir ki, Osmanlı Türkiyəsində heç vaxt erməni əhaliyə qarşı heç bir mərkəzləşdirilmiş plan olmayıb. Sadəcə olaraq, Osmanlı qoşunlarına qarşı silahlı erməni birləşmələrinin açıq silahlı təxribatlarının qarşısını almaq məqsədilə erməni əhalini cəbhə bölgələrindən köçürmək qərarı verilib. Bu köçürülmə prosesində erməni əhali arasında aclıq və xəstəlikdən iddia olunandan qat-qat az sayda ölüm halları olmuşdur.”

Politoloq qeyd edib ki, tarixə nəzər salsaq, həmin dövrdə ermənilər bir neçə müharibə ilə qarşılaşıblar və həmin müharibələrdə verdikləri itkiləri də türklərin boynuna yıxaraq tarixi saxtalaşdırırlar:

“Ayrıca olaraq vurğulamaq lazımdır ki, ermənilər arasında tələfat həm də həmin tarixi dövrdə digər xalqlarla münaqişələr zəminində də baş vermişdir ki, hesab edirik ki, bu da heç kimdə təəccüb doğurmur. Ermənilər tarixən etnomilli, etnoərazi münaqişələr yaratmaq ustası olublar. Həmçinin xatırlatmaq istəyirəm ki, Türkiyə tərəfinin arxivlərin birgə öyrənilməsi və beynəlxalq tarixçilər komissiyasının yaradılması ilə bağlı dəfələrlə etdiyi çağırışlara beynəlxalq reaksiya olmamışdır. Bunun özü də bir daha dəqiq göstərir ki, saxta erməni soyqırımı iddiaları hələ də işlək geosiyasi təzyiq aləti kimi nəzərdən keçirilir. Soyqırımı iddiaları səsləndirilərkən insan hüquqlarına istinad edilir ki, bu da ayrı-ayrı dairələrin insan hüquqları ilə bağlı sərgilədikləri mövqelərin də bayağı və saxta olduğunu nümayiş etdirir. Yəni bütün bunlar sadəcə marginal maraqlara xidmət edən alətlərdir. İsrail hökuməti tərəfindən də saxta erməni soyqırımının rəsmi olaraq tanınması konkret məqsədlərə hesablanıb. Sözsüz ki, bu, hər şeydən öncə qardaş Türkiyənin sərgilədiyi ədalətli geosiyasi mövqeyi ilə bağlıdır. Türkiyə Qəzzada, İran ətrafında baş verənlərlə bağlı öz mövqeyini həmişə açıq bildirib. Əks halda, tarixin müəyyən mərhələlərində yəhudilərə qarşı qanlı zorakılıqlarda birbaşa iştirak edən ermənilərin saxta iddialarına dəstək vermək ciddi suallar doğurar. Tarix 1918-ci ilin mart-iyul aylarında daşnakların azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələrinə, həmçinin yəhudilərə qarşı necə qanlı soyqırımı törətdiklərini yaxşı xatırlayır. Azərbaycan ərazisində dağ yəhudiləri silahlı daşnaklar tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Bundan başqa, İkinci Dünya Müharibəsi zamanı Daşnaksutyunun nasist Almaniyası ilə yaxından əməkdaşlıq etməsi və yəhudilərin soyqırımında iştirak etməsi haqqında da təkzibolunmaz faktlar mövcuddur. Nasist Almaniyası ilə yaxından əməkdaşlıq edərək digər xalqlarla yanaşı, yəhudilərin kütləvi qətlə yetirilməsində birbaşa iştirakçı olmuş Qaregin Njde və Drastamat Kanayanın faşist obrazları bu gün ermənilər tərəfindən qəhrəmanlaşdırılmaqdadır. Qaregin Njdenin İrəvanın mərkəzində heykəlinin yerləşməsi isə əlavə şərhlərə yer qoymur.”

E. Mirbəşiroğlu son olaraq bütün faktları nəzərdən keçirsək, heç bir “erməni soyqırımı” baş vermədiyini diqqətə çatdırıb və İsrailin bu qərarının türk toplumunda təəssüf hissi yaratdığını qeyd edib:

“Bütün bu faktların mövcudluğu fonunda saxta erməni soyqırımının rəsmi olaraq İsrail hökuməti tərəfindən tanınması, hesab edirik ki, yəhudilərin Holokostla bağlı mövqelərini zəiflədə bilər. Ən azından bu, müsəlman ölkələrində ictimai-siyasi düşüncəyə öz təsirini göstərəcək. Türkiyə ilə Azərbaycan səmimi qardaş və dost ölkələrdir. İki ölkə arasında həm də rəsmi müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan dövləti hər zaman regionda sülhü və əməkdaşlığı dəstəkləyir və region dövlətlərindən hər hansı birinə qarşı təşkil olunan hərbi-siyasi kampaniyalarda iştirak etmir. Bu, Azərbaycanın prinsipial mövqeyidir və regional sabitlik və təhlükəsizlik üçün olduqca düzgündür. Azərbaycanla İsrail münasibətləri yaxşıdır və iki ölkə arasında bir sıra strateji sahələrdə əməkdaşlıq mövcuddur. Lakin ölkəmiz ABŞ-İsrail-İran silahlı münaqişəsi zamanı tərəf olmadı və əksinə, qonşu dövlətə humanitar dəstək olmaqla regional sülhə və gələcək daha effektiv əməkdaşlığa töhfə vermiş oldu. Bu baxımdan hesab edirik ki, saxta erməni soyqırımının tanınması qardaş Türkiyədən qisas çıxmaq, eyni zamanda Azərbaycanın sərgiləmiş olduğu ədalətli mövqeyə reaksiya məqsədi daşıya bilər. Bundan başqa, həm də düşünmək olar ki, saxta erməni soyqırımını tanımaqla İsrail Qəzzada baş verənlərlə bağlı beynəlxalq qınağı nisbətən yumşatmağa cəhd edə bilər. UNICEF-in məlumatına görə, 21.289-dan çox uşaq, BMT Qadınlar təşkilatının məlumatına görə isə 38.000-dən çox qadın və qız Qəzzada qətlə yetirilmişdir. Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar İsraili dəfələrlə beynəlxalq humanitar hüququ pozmaqda, o cümlədən mülki infrastruktura hücumlarda ittiham ediblər. Digər məqsədlərlə yanaşı, həm də bu ittihamların nisbətən yumşaldılması məqsədilə saxta erməni soyqırımının tanınması haqqında qərar verilə bilər. Lakin bunun təsirli olacağı inandırıcı görünmür. Çünki BMT başda olmaqla beynəlxalq təşkilatlar öz mövqelərində israrlıdırlar.

Yekun olaraq hesab edirəm ki, İsrail tərəfindən saxta erməni soyqırımının tanınması Türkiyənin beynəlxalq imicinə və onun beynəlxalq əməkdaşlıqdakı strateji yerinə və roluna təsir etməyəcək. Bu günə qədər saxta erməni soyqırımını tanıyan 30-a qədər ölkənin demək olar ki, hamısı Türkiyə ilə əməkdaşlığı daha da inkişaf etdirməyə maraq göstərməkdədirlər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05