Ermənistanın "TRIPP" OYUNU: "O xəritə Azərbaycanın iradəsi ilə çəkilib, İrəvan sadəcə təşəkkür etməlidir"
“Ermənistan özündən istədiyi xəyalı qura bilər, amma bu dəhliz Azərbaycanın sayəsində gerçəkləşir”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Politoloq Ermənistanın iqtisadiyyat nazirinin “TRIPP layihəsində sadəcə iki tərəf var: Ermənistan və ABŞ” açıqlamasını sərt tənqid edib:
“Ermənistan özünü yarımhal, daxilində yararsızlıq kompleksi olan bir fərd kimi aparır. Ermənistan kollektiv formada bu proseslərin mübtədasına çevrilib. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra onlar hələ də özlərinə gələ bilmirlər. Özləri üçün hər şeyin xüsusi və vacib olmasını şişirdilmiş formada, miflər səviyyəsində təqdim edirlər. Bu da təsadüfi deyil. Xatırlayırsınızsa, bu yaxınlarda Ararat Mirzoyanla Rubio arasında görüş keçirilmişdi və tərəflər sənəd imzalamışdılar. Ermənistan tərəfi o sənədi elə təqdim edirdi ki, guya bu, Ermənistan diplomatiyasının müstəsna qazancıdır və manevr imkanlarının genişliyi sayəsində belə bir irəliləyiş əldə ediblər.
Ümumiyyətlə, obyektiv yanaşsaq, ‘TRIPP layihəsi’ çərçivəsində Ermənistanın rolu ikinci dərəcəlidir. Burada əsas rolu oynayan Azərbaycandır. ABŞ məhz Azərbaycanın xidmətlərinə, bacarıq və imkanlarına köklənərək bu sülh prosesinə qatılmaq qərarına gəldi. Doğrudur, 22 kilometrlik dəhliz Ermənistan ərazisinə düşdüyü üçün İrəvan və Vaşinqton bu layihədə birlikdə iştirak edəcəklər, amma ən obyektiv yanaşmada görürük ki, Azərbaycanın qurucu və müsbət təsiri olmasaydı, bu proses heç vaxt ərsəyə gəlməzdi.”
T. Abbasov Ermənistanın ilk vaxtlardan Azərbaycanla razılaşmamasını prosesin əleyhinə işləyən amil olaraq qiymətləndirib:
“Ermənistanın öz ağlı olsaydı, bu layihə üçün ilk gündən Azərbaycanla razılaşardı və biz heç bir kənar ölkəni prosesə dəvət etmədən iki ölkə arasında məsələni çözə bilərdik. Lakin Ermənistan görünən hədəfə doğru ən uzun yolu seçdi və nəticədə kənar qüvvələr proseslərə qatıldı. Nəzərə alsaq ki, ABŞ hegemon dövlətdir və belə ölkələr birinciliyi əlində saxlamağı bacarır, bu bizim üçün problem deyil. ABŞ rəhbəri özü dəfələrlə İlham Əliyevin siyasətini xüsusi vurğulayaraq onun böyük siyasətçi olduğunu qeyd edir.
Bunlar ondan xəbər verir ki, Ermənistan yenə də Azərbaycanın sayəsində bu layihədədir. Onlar özlərini öysələr də, unutmasınlar ki, bu marşrut Ermənistana xeyir gətirəcəksə, bunun üçün Azərbaycana təşəkkür etməlidirlər. Ermənistanın reallığı etiraf etməsi onlara başucalığı gətirə bilər. Unutmamalıdırlar ki, Azərbaycan bölgədə qalib dövlətdir və biz qalib tərəf olaraq bütün bağlı qapıları açırıq.”
Sonda politoloq diqqətə çatdırıb ki, Ermənistan istədiyi xəyali pillədə özünü hiss edə bilər, amma bu, reallığı dəyişməz:
“Ermənistan dəfələrlə kommunikasiyaların açılmasının tərəfdarı olduğunu bildirib. Əgər bunu istəyirsinizsə, niyə yerinizdə sayırsınız? Niyə dondurulmuş ölkəyə çevrilmisiniz? Hər bir halda bizim üçün fərq etməz, onlar məsələlərə hansı donu geyindirmək istəyirlər, bu onların problemidir. Azərbaycan diplomatiyası bu proseslərin başında öz gücünü, manevr imkanlarını göstərdi və bildirdi ki, məhz bağlı qapıları açan bizik.”
Nurlan Cəfəri












