“Hər iki tərəfdə qurulmuş sərhəd-buraxılış məntəqəsində yerli hərbçilərlə yanaşı rus hərbçilər də bir müddət nəzarəti həyata keçirəcək”.
Bu sözləri Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması və Qarabağ istiqamətində atılmalı olan addımları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, bundan sonrakı mərhələdə qeyri qanuni silahlı birləşmələrin tərkisilah edilməsi baş verməlidir:
“Ötən gün Dövlət Sərhəd Xidmətinin Laçın ərazisində Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı verdiyi bəyanat qəflətən, spantan verilmiş qərar deyildi. Son aylarda Azərbaycan tərəfinin atdığı addımlar, xüsusilə Laçın dəhlizi istiqamətində keçirdiyi əməliyyatlar bunun belə məntiqi sonluqla bitəcəyindən xəbər verirdi. Məsələ ondadır ki, bunu daha tez gözləyirdik. Ancaq zaman bu günlərdə yetişmiş oldu.
Bir neçə ay bundan öncə Laçın dəhlizindəki 5 km-lik məsafə Azərbaycan ordusunun nəzarətinə keçməkdə idi. Bu həm Xəlfəli yolu üzərində, ondan öncə isə Sarıbaba, Qırqız, Turşsu və digər əraziləri Azərbaycan ordusu tərəfindən öz nəzarəti altına alması ilə başlamışdı. Belə ki, məlum keçid inşa edildikdən sonra yolun keyfiyyətsiz olduğunu bəhanə gətirərək köhnə sovet dövründən qalma yolla hərəkət edərək Azərbaycan ərazisindən çıxdıqdan sonra yenidən Laçın ərazisinə daxil olurdular və bu yolla hərəkət edirdilər. Bundan sonra Azərbaycan tərəfi həmin yola çınqıl tökərək Gorusa qədər olan hissəni həll etdi və erməni tərəfinin yenidən Azərbaycan ərazisinə daxil olmasına gərək qalmadı. Həmçinin bizim postlarımız bir qədər irəli çəkilib və orada möhkəmlənmə işləri aparıldı və məlum üç hərbçimizin şəhid olması ilə nəticələnən insident baş verdi. Həmin dövrdə bizlərə çatan məlumata görə, Laçın polisi körpünün altında Qubadlı istiqamətindən gələn yolda post qurduğu kimi, yolun üzərində də post qurulmuşdu və Qarabağa gedən yolda vizual nəzarət həyata keçirilirdi. Yəqin ki, həm Ermənistan, həm də Rusiya tərəfi ilə razılaşdırılaraq istər Ermənistan, istərsə də Azərbaycan tərəfində qurulması işi başa çatdırılıb.
Hesab edirəm ki, hər iki tərəfdə qurulmuş sərhəd-buraxılış məntəqəsində yerli hərbçilərlə yanaşı rus hərbçilərin də bir müddət nəzarət həyata keçirəcəyi baş verəcək. Bundan narahat olmağa gərək yoxdur. Əgər vasitəçi missiya olmasa tərəflər arasında insdent baş verə bilər. Ona görə də Rusiya tərəfi öz öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməlidir. Düşünürəm ki, bir müddətdən sonra ruslara da ehtiyac qalmayacaq. Bütün sərhədlərimizdə olduğu kimi müvafiq qanunlara uyğun olaraq sərhəd və gömrük xidməti həyata keçiriləcək.
Qarabağda yaşayan separatçı ermənilərin, oradakı qeyri qanuni silahlı birləşmələrin tərkisilah edilməsi baş verməlidir. Əgər bu yöndə aparılacaq işdə insident yaşanmasa, bu, hər iki tərəfi qane edəcək. Yox, Qarabağdakı silahlılar müqavimət göstərəcəksə, Azərbaycan tərəfindən zərərsizləşdiriləcək. Azərbaycan tərəfi çalışacaq ki, insident baş vermədən prosesi həll etsin. Yeri gəlmişkən, o silahlılardan bir çoxu Qarabağda yaşayanlar deyil, hətta Ermənistan vətəndaşı da deyillər. Onların əksəriyyəti xarici ölkələrdən gəlmiş muzdlular, terrorçulardır. Təbii ki, heç bir ölkə öz daxilində bu cür şəxslərin olmasını istəməz.
Qarabağda yaşayan ermənilərdən hansılar qalıb yaşamaq istəyəcəksə, onlar yaşayacaqlar. Başqa fikirdə olanlar isə getməli olacaqlar. Azərbaycanın Qarabağı tamamən silahsızlaşdırmaq istəyinin qarşısı alınmazdır və bu mütləq şəkildə baş verməlidir”.
Səxavət Məmməd
www.yenicag.az