“Paşinyanın məqsədi Rusiyanı sıxışdırıb, Fransa başda olmaqla, Qərbin hərbi qüvvələrini Ermənistana yerləşdirməkdir”.
Bu fikirləri Ermənistanla Azərbaycan arasında sülh sazişinin hələ də imzalanmamasının səbəblərinə toxunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədri bildirib ki, Ermənistanla sülh müqaviləsi ən azı yaxın müddətdə imzalanmayacaq:
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağını deyən adamlar ermənilərin xarekterini yaxşı bilmirlər. Hər halda, bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmayacağına dair proqnozlar özünü doğrultmaqdadır. Nə ermənilərin, nə də onların arxasında duran qüvvələrin gündəliyində sülh müqaviləsi yoxdur.
Sülh müqaviləsi imzalansa, paralel olaraq Zəngəzur dəhlizi açılmalı, demarkasiya, delimitasiya işləri həyata keçirilməli və Ermənistan işğal etdiyi məlum əraziləri boşaltmalıdır.
Avropa İttifaqının liderləri və təşkilat rəhbərləri açıq şəkildə deyirlər ki, Azərbaycan Zəngəzur, anklavlar istiqamətində hərəkətə keçərsə, bizə qarşı sanksiyalar tətbiq oluna bilər. Bu, açıq təhdiddir. Qərb Ermənistanı silahlandırır və bu prosesi “müdafiə silahları veririk” adı ilə pərdələməyə çalışırlar.
Ancaq o silahların köhnə və ya təzə olmasının fərqi yoxdur. Fakt budur ki, Ermənistan silahlandırılır. Bu gün müdafiə xarakterli silah veriləcək, sabah isə hücum xarakterli silahlar göndəriləcək. Eləcə də Hindistandan Ermənistana silah-sursat daşınır.
Paşinyanın əsas məqsədi sülh müqaviləsini imzalamaq yox, status-kvonu qoruyub saxlamaqdır. Paşinyan bildirir ki, Ermənistanın 29,7 min kvadrat kilometr ərazisini qoruyub saxlamaq istəyir. Eyni zamanda, o bildirir ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasından sonra Ermənistana qarşı ərazi iddiası irəli sürəcək.
Açıq görünür ki, Paşinyanın məqsədi hakimiyyəti itirməməkdir. Ona görə də siyasi rəqiblərini sıradan çıxarmağa davam edir. Eyni zamanda, Rusiyanı sıxışdırıb, Fransa başda olmaqla, Qərbin hərbi qüvvələrini Ermənistana yerləşdirmək niyyətindədir.
Bütün bu məqamları ümumiləşdirdikdə, Ermənistanla sülh sazişinin imzalanması doğru olmazdı. Biz Qazax rayonunun işğal altında olan kəndlərini anklav adlandırmamalıyıq. Gedişat onu göstərir ki, hadisələrin sonunda yeni toqquşma qaçılmazdır. Ərazilərimizi işağldan etmək hüququmuz var. Qərbin bizə qarşı sanksiya təhdidindən çəkinmək lazım deyil. Onlar uzaq başı, bəyanatlarla kifayətlənməli olacaqlar”.
Səxavət Məmməd
www.yenicag.az